Son 12 ilin ən soyuq iyul ayı

29 İyul 2016 16:46 (UTC+04:00)

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, 2004-cü ilin iyul ayının hava şəraiti ilə builki iyul ayının hava şəraiti oxşardır. Bu il iyulun sərin keçməsinin əsas səbəbi şimal və şimal-qərb küləklərinin üstünlük təşkil etməsi olub.

A.Verdiyev qeyd edib ki, hazırda Bakıda havanın temperaturu iqlim normasından 1-2 dərəcə aşağıdır. Bu il iyulda Bakıda havanın ən yüksək sutkalıq temperaturu iyulun 18-də (iyulun 29-dək olan məlumat) qeydə alınıb. İyulun 18-də Bakıda havanın sutkalıq temperaturu 37,5 dərəcə isti olub.

Ölkə üzrə isə iyulda (iyulun 29-dək olan məlumat) ən yüksək sutkalıq temperatur Mərkəzi Aran rayonlarında müşahidə edilib. Bəzi Aran rayonlarında iyulun 17-də sutkalıq temperatur 42 dərəcə isti olub.

Bakıda bu il iyul ayı ərzində ən aşağı sutkalıq temperatur isə iyulun 13-də olub. Həmin gün sutkalıq temperatur 19,2 dərəcə isti olub.

A.Verdiyev qeyd edib ki, 2004-cü ildə Bakıda iyul ayı ərzində ən yüksək sutkalıq temperatur 37 dərəcə, ən minimal sutkalıq temperatur isə 14 dərəcə olub.

Trend.az