Sabiq Baş nazir həbs olunacağını dedi

26 Noyabr 2012 08:18 (UTC+04:00)


Gürcüstanın sabiq Baş naziri və daxili işlər naziri Vano Merabişvili həbs oluna biləcəyini deyib. AzNews.az-ın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, Merabişvili açıqlamasında bildirib ki, ona qarşı irəli sürülən iddialar o, qədər gülüncdür ki, hətta onları şərh etmək belə istəmir.

"Hazırda Gürcüstanda kütləvi həbslər aparılır. Bu isə ölkənin imicinə ciddi zərbə vurur". O, həmçinin cəmiyyəti və prokurorluğu maraqlandıran istənilən suala cavab verə biləcəyini də deyib.

Qeyd edək ki, Merabişvili 2006-2008-ci illərdə vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Belə ki, prokurorluğa təqdim edilmiş materiallara əsasən o, Konstitusiya Təhlükəsizliyi departamentinin rəisi Data Axalaya və Baş Təftişin rəhbəri Vasili Sanodceni tutduğu vəzifədən azad etsə də, onlar faktiki olaraq öz işlərinin başında olublar və yalnız sənəd üzərində işdən çıxarılıblar.

Sadiq Musa
AzNews.az