Millimizin baş məşqçisi Rioda polis şöbəsinə aparılıb? - “…Braziliyadan qaçıb”

10 Avqust 2016 10:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə rekord.az saytı məlumat yayıb. Bildirilir ki, cüdoçularımızın düşərgəsində bir gün sonra yarışa çıxmağa hazırlaşan yığmamızın məşqi zamanı yerli mühafizə xidməti aranı qatıb. Braziliyalılar naməlum səbəblərdən cüdoçuların çalışmalarına mane olub. Bu isə baş məşqçimiz Peter Zeyzenbaxerin xoşuna gəlməyib və o, etirazını bildirib. Milli komandanın məsuliyyətli yarışdan cəmi bir gün əvvəl belə təzyiqə məruz qalması avstriyalı mütəxəssisi özündən çıxarıb. Məsələ böyüyüb. Nəticədə Zeyzenbaxer polis şöbəsinə aparılıb və 4 saat orada saxlanılıb.

AzNews.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu ilə əlaqə saxlayıb. Federasiya rəsmisi iddiaları təqzib edib: "Bu xəbəri yayanlara nə deyəsən? Heç bir sözüm yoxdur. Belə bir şey olmayıb Bu Cüdo Federasiyasının yeni rəhbərliyinin son 9-10 aydakı fəaliyyətini gözü götürməyənlərin işidir. Bu cür məlumatlar məqsədli şəkildə ötürülür. Sabah da medal qazansaq yəqin yazarlar ki, Elnur Əşrəfoğlu Braziliyadan Argentinaya qaçıb".

Aygün İLQARQIZI
AzNews.az