ATV-yə qarşı rüşvət ittihamı

27 Noyabr 2012 07:49 (UTC+04:00)


"Mən Nuridə Küskün və İbrahim Tatlısəs olayından çox təəssüfləndim. Nuridənin yalançı, işbaz olduğunu isbatlamaq üçün ATV telekanalının aparıcılarının biri ilə əlaqə yaratdım. Ona dedim ki, bu fırıldaqçı qadını dayandırmaq lazımdır. Onun bu hərəkəti Azərbaycan xalqına, dövlətinə ləkədir".

Bunu AzNews.az-a açıqlamasında təbib-loğman İsmayıl Vəliyev dedi. Təbib deyir ki, aparıcı onunla telefon söhbətində Nurudə Küskünün bizə məlum olmayan yollarla ATV kanalına çıxdığını bildirib: "Mən ona dedim ki, şərait yaradın ki, çıxıb xalqı bu ləkədən xilas edim. Azərbaycan xalqı haqqında əcaib fikir formalaşmasın. Aparıcı nə desə yaxşıdır? "Bu ATV kanalının rəhbərliyinin həll edəcəyi məsələdir. Kanala çıxmaq üçün müxtəlif yollar var. Qoyun, rəhbərliklə danışım, sonra". Amma o, mənə zəng vurmadı. Dedim ki, bu gün istənilən telekanala çıxmağın iki yolu var: Birincisi rüşvət, ikincisi isə tanışlıq. Mən həmin aparıcıya dedim ki, xalq arasında deyilən sözü nəzərə alsaq, birincisi, mənim pulum yoxdur. İkincisi də kiminsə mən ora ora xalqı rüsvayçılıqdan qurtarmaq üçün çıxıram- buna görə niyə mən pul verməliyəm? Bəyəm siz bilmirsiniz ki, o, dələduzdur? Siz belələrini efirə buraxmaqla xalqı çaşdırırsınız. Onda biz ermənidən niyə küsək? Mən Azərbaycan xalqının oğluyam. İbrahim də türkdür, niyə onu alçaldaq? Onlar bizim hansı sənətkarımızı alçaldıb? Əgər o, İbrahimi müalicə etsəydi, mən onun əllərindən öpərdim. Amma edə bilmədi. Üstəlik xalqı biabır etdi. Necə olur, siz aparıcılar xalqı biabır edəni efirə çıxarırsınız, amma məni yox? Nə qədər ki, Azərbaycan aparıcılar bu yolu tutacaq, o zamana kimi biz də beləcə bütün dünyada biabır olacağıq. Bütün dünya mediasının gözü Azərbaycana dikilmişdi. Görəsən, Nuridə İbrahimi müalicə edəcək, ya yox. Fakt odur ki, sağalda bilmədi. Biz bir xalqıq, hamı öz əməli ilə prezidentə dəstək olmalıdır. Prezident getdiyi ölkələrdə Azərbaycan xalqının gələcəyinin yaxşı olmasından inamla danışır və bizim vətənpərvər, dürüst olduğumuzu deyir. Amma Nuridə kimiləri belə təbliği biabır edir. Ən maraqlısı isə ATV kanalının ona dəstək verməsidir".

Bahar Rüstəmli
AzNews.az