İranda sel fəlakəti yaşanır

27 Noyabr 2012 09:46 (UTC+04:00)
Bu gecə İranda sel fəlakəti yaşanıb. Lent.az-ın "İribnews" telekanalına istinadən verdiyi məlumata görə, bir neçə saat davam edən leysan yağışlar daşqına yol açıb və Buşəhr əyalətindəki Borazcan və Daştistan şəhərlərində 4 nəfərin ölümünə səbəb olub.

Bu iki şəhərin elektrik təchizatı dayanıb, Borazcan-Buşəhr magistral yolunda sürüşmə baş verib. Sürüşmə nəticəsində magistral yol üzərindəki tunelin girişi bağlanıb.

İran Hidrometeorologiya Təşkilatının Hidrometeorologiya Proqnozları Bürosunun rəhbəri Abdurreza Umidvar Şehri İSNA agentliyinə müsahibəsində deyib ki, ölkənin 6 əyalətində də leysan yağışlar və daşqınlar gözlənilir. Cümə axşamı Yəzd, Kirman, Xorasan Razavi, Xorasan Canubi, Mazandaran və Gilanda subasma olacağı proqnozlaşdırılır.

AzNews.az