"Taleh Bağırovgil bizə pusqu qurmuşdular” – Nardaran hadisələrinin şahidləri danışır

18 Avqust 2016 19:08 (UTC+04:00)

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş və şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məxfi şöbəsinin rəisi Elman Bayramov ifadə verib. Bildirib ki, hadisə baş verən gün idarədə müşavirə keçirilib. Müşavirədə Nardaranda həmin evdə əməliyyat keçirilməsinə qərar verilib: "Taleh Bağırovgilə kimsə məlumat vermişdi ki, polislər gələcək. Onlar orada pusqu qurmuşdular. Rəhmətə gedən polislər darvazadan girdilər. Sonra qumbara səsi eşitdik. Biz qumbara ilə silahlanmamışdıq. Talehi mən tutdum. O, heç bir müqavimət göstərmədi".

Daha sonra prokurorlar ondan əməliyyatın keçirilməsinə hansı zərurətin olması, saxlanılan şəxslərə təzyiq göstərilib-göstərilməməsini soruşublar. Şahid bildirib ki, onlara kənddə silahların olması barədə məlumat verilib, əməliyyat buna görə keçirilib.
"Taleh Bağırovgilə kimsə məlumat vermişdi ki, polislər gələcək. Onlar orada pusqu qurmuşdular. Rəhmətə gedən polislər darvazadan girdilər. Sonra qumbara səsi eşitdik. Biz qumbara ilə silahlanmamışdıq. Talehi mən tutdum. O, heç bir müqavimət göstərmədi".
O, saxlanılan şəxslərə təzyiq edilmədiyini bildirib: "Orada pusqu qurulmuşdu. Kimsə onlara demişdi ki, polislər gələcək. Biz saat 12:45-də Nardaranda olduq və mövqe seçdik. Nardarana dəniz tərəfdən olan yolla getdik ki, camaat görməsin. Orada müəyyən etdik ki, Taleh içəridədir. Çünki əsas o idi. Biz onların pusquda durduqlarını bilmirdik. Orada kim silah tətbiq etməyibsə, ona qarşı zor tətbiq etməmişik".

Daha sonra o, bildirib ki, onlarda T. Bağırovun dövlətə qarşı çıxışlar etməsi, Nardaranda gizlənməsi və hər gün ətrafının genişlənməsi barədə məlumat olub.

Vəkillərin sualına cavab verən E. Bayramov hər hansı zərər çəkmədiyini də deyib.

Fuad Qəhrəmanlının onu tanıması barədə suala cavab olaraq E. Bayramov bildirib ki, onu internet vasitəsi ilə tanıyıb: "Bilirəm ki, yazıb onlara dəstək nümayiş etdirmisiniz".

Təqsirləndirilən Rasim Cəbrayılov və Abbas Quliyev isə Elman Bayramov tərəfindən işgəncələrə məruz qaldıqlarını iddia ediblər. Lakin o, deyilənləri təkzib edib.

Zərərçəkmiş şəxs qismində istintaq zamanı ifadə verən E. Bayramov bildirib ki, Nardaran qəsəbəsində yaşayan "Müsəlman Birliyi Hərəkatı"nın sədri, əvvəllər məhkum olunmuş Bağırov Taleh Kamil oğlunun dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi ilə digər şəxslərlə əlbir olaraq qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstə yaratması, tərəfdaşları ilə gizli görüşlər keçirməsi barədə onlara məlumatlar daxil olub. Məlumatların yoxlanılması məqsədi ilə qəbul edilmiş qərara əsasən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı baxışda iştirak etməsi üçün hal şahidi qismində vətəndaşlar Baş İdarəyə dəvət edilərək onlara hüquq və vəzifələri izah olunmaqla tədbirin qısa mahiyyəti barədə məlumat verilib. 26 noyabr 2015-ci il tarixdə saat 12:45 radələrində əməliyyat qrupuna daxil edilmiş əməkdaşlar və hal şahidləri Baş İdarədən çıxaraq Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisinə gələrək Bünyatov Əbülfəz Heybət oğluna məxsus fərdi yaşayış evinin yaxınlığında əməliyyat mövqeyi seçiblər. Saat 13 radələrində əməliyyat qrupunun üzvləri həyətə daxil olublar. Bu zaman həyətdə və evdə olan şəxslər polis əməkdaşlarının həyətə daxil olmasından xəbər tutaraq onlara atəş açmamaları barədə bir neçə dəfə xəbərdar olunmalarına baxmayaraq avtomat və tapançalardan əməliyyat qrupunun üzvlərini atəşə tutublar. T. Bağırovun tərəfdaşlarından biri polislərin olduğu istiqamətdə əl qumbarası atıb. Həyətin orta hissəsinə daha yaxın olan polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev irəlidə olduqlarından partlayan qumbaranın ətrafa səpələnən qəlpələri ilə yaralanıblar. Həmçinin həyətdə olan şəxslərdən biri, konkret olaraq 25-30 yaşlarında, orta bədən quruluşlu, bığlı-saqqallı, boyu təxminən 175-180 sm., əynində ağ uzunqol köynək, mavi cins şalvarı olan şəxs avtomatdan polisləri atəşə tutmuş və bu zaman polis əməkdaşı Vüqar Nəsibov yaralanıb. T.Bağırovun tərəfdaşları tərəfindən əməliyyat qrupuna qarşı odlu silahdan istifadə edildiyi üçün silah tətbiq edilərək cinayətkar qrupa qarşı xidməti silahlardan atəş açılıb. Təxminən 10-15 dəqiqə ərzində baş vermiş atışma zamanı əməliyyat qrupunun üzvləri tərəfindən T. Bağırovun tərəfdaşları zərərsizləşdirilib. Arıq bədən quruluşlu, üzü saqqallı, qalın qaşlı, alnı açıq, uzunsov sifət quruluşlu əlamətlərə malik olan T. Bağırovu həyətə girişdən sağ tərəfdə yerləşən evdə yaxalamaq istədikdə o, əl-qol hərəkətləri ilə polislərə müqavimət göstərdiyinə baxmayaraq polislər onu saxlayıb. Həmçinin evin içində T. Bağırovun yanında olan üzü bığlı və saqqallı, qara saçlı, enli burun, boyu təxminən 170-175 sm, təxminən 30-35 yaşlı, qabaq hissəsi naxışlı poluver geyinmiş və əlində bıçaq olan Taleh Bağırovun yaxalanmasına maneə olmaq istəyən şəxs onu yaxalamaq istəyən polis əməkdaşı Rüstəm Cəfərovun üzərinə gəlib bıçaqla onun boğaz nahiyyəsindən bir neçə dəfə vurmaq istəyib. Lakin Rüstəm Cəfərov cəld hərəkət edərək həmin şəxsi yerə yıxıb tərksilah edib bıçağı onun əlindən alıblar. Sonradan onun iştirakı ilə həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən məlum olub ki, o, Vəliyev Əlibala Cavad oğludur.

Prosesdə zərərçəkmiş və şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı, polis polkovniki İslam Ağabəyov da ifadə verib. O, istintaq zamanı verdiyi ifadələri təsdiq edib. Bildirib ki, T. Bağırovun Nardaranda hakimiyyəti zorla ələ keçirmək, terror məqsədi ilə qanunsuz silahlı dəstə yaratması barədə onlara məlumat daxil olub və onlar həmin gün Nardarana əməliyyat keçirmək üçün gediblər: "Biz həyətə girəndə onlar tərəfindən qumbara atıldı. İki nəfər polis əməkdaşı aldığı xəsarətlərdən öldü. Qrup rəhbəri Kərim Əlimərdanov yüksək səslə deyirdi ki, polisdir, atəş açmayın. Lakin onlar tabe olmadılar. Biz də silahdan istifadə etdik. Bizdə tabel silahı "Zəfər" var idi. Mən evə girəndə Rasimi tutdum. O, mənə təzyiq göstərmədi. Digərlərindən də təzyiq görməmişəm. Əməliyyatın sonunda kimin üzərində nə silah var idi, yazılıb qeyd edildi, hal şahidləri ilə baxış keçirildi. Rasimin üzərindən bıçaq və qumbara çıxdı".

Prokurorların sualların cavablandıran İ. Ağabəyov bildirib ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O deyib ki, əməliyyatdan əvvəl evdə olanlara gələnlərin polis olması barədə xəbərdarlıq edilib: "Mən əvvəllər də Nardaranda işləmişəm. Ona görə içəri girəndə maskanı çıxartdım ki, bəlkə kimsə tanıyar. Biz oraya avtobus tipli maşınlarla getmişdik. Mebel maşını ilə getməmişdik. Orada işlədiyim üçün dindən də başım çıxır. Ona görə namaz vaxtının bitməsini gözlədik. Bizə onların silahları olması barədə çox məlumat gəlirdi. Bilirsiniz ki, Nardaranla bağlı illərdir problem var. Orada hər gün salam verdiyin adam kütlə yığışanda adamı tanımır. Mən düşmən deyiləm ki. Biz də istəyirdik itki az olsun. Saxlanılan şəxslərə işgəncə verilməsindən xəbərim yoxdur".
"Mən əvvəllər də Nardaranda işləmişəm. Ona görə içəri girəndə maskanı çıxartdım ki, bəlkə kimsə tanıyar. Biz oraya avtobus tipli maşınlarla getmişdik. Mebel maşını ilə getməmişdik. Orada işlədiyim üçün dindən də başım çıxır. Ona görə namaz vaxtının bitməsini gözlədik. Bizə onların silahları olması barədə çox məlumat gəlirdi. Bilirsiniz ki, Nardaranla bağlı illərdir problem var. Orada hər gün salam verdiyin adam kütlə yığışanda adamı tanımır. Mən düşmən deyiləm ki. Biz də istəyirdik itki az olsun. Saxlanılan şəxslərə işgəncə verilməsindən xəbərim yoxdur".
Zərərçəkmiş şəxs qismində tanınmış Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Ağabəyov İslam Tofiq oğlu istintaq zamanı verdiyi ifadəsində isə göstərib ki, Baş İdarəyə Taleh Bağırovun dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətmək məqsədi ilə digər şəxslərlə əlbir olması barədə məlumat daxil olub. Baş İdarədə rəhbərliyə raportla məruzə olunduqdan sonra 26 noyabr 2015-ci il tarixdə adı çəkilən şəxsin və digərlərinin cinayət əməllərinin ifşa olunması məqsədi ilə baş idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. Tədbirdə iştirak etmələri üçün bir neçə vətəndaş hal şahidi qismində dəvət olunub. 26 noyabr 2015-ci il tarixdə saat 12:45-də əməliyyat qrupuna daxil edilmiş əməkdaşlar hal şahidlərinin iştirakı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisinə gəliblər və Bünyətov Əbülfəz Heybət oğluna məxsus fərdi yaşayış evinin yaxınlığında əməliyyat mövqeyi seçiblər. T. Bağırovun tərəfdaşları ilə birlikdə həyətdə girişdən sağ tərəfdə yerləşən evdə olması tam yəqin edildikdən sonra əməliyyat qrupunun üzvləri həyətə daxil olub. Onlar həyətə daxil olan zaman əməliyyat qrupu üzvlərinə atəş açmamaları barədə bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq evdə və həyətdə olan şəxslər onlara tərəfə əl qumbarası atıb, eyni zamanda avtomat və tapançalardan qrup üzvlərini atəşə tutublar. Bu zaman polis əməkdaşları İsmayıl Tağıyev və Vüqar Nəsibov irəlidə olduqlarından partlayan qumbaranın qəlpələri və açılmış atəşlər ilə yaralanıb. Onlara dəfələrlə xəbərdarlıq atəşi açılaraq polis əməkdaşlarına qarşı silah tətbiq etmələrini dayandırmaları tələb olunub. Lakin onlar bu tələblərə tabe olmayaraq əməliyyat qrupunun üzvlərini intensiv şəkildə atəşə tutublar. Buna görə də əməliyyat qrupunun üzvləri tərəfindən cinayətkar qrupa qarşı xidməti silahlardan atəş açılıb. Həyətə daxil olarkən sağ tərəfdə və sol tərəfdə yerləşən evdə əllərində qumbara, bıçaq, xəncər, nunçaqi, odlu silahlar və s. olan şəxslər mövcud olduğunu, həyətdə sağ tərəfdə yerləşən evə daxil olduqda orada bir neçə nəfər şəxsin olduğunu görüb. Həmin vaxt qeyd olunan evdə onun qabaqcadan tanıdığı Rasim Binyatov da olub. O, həmin şəxsi dərhal tanıyaraq saxlayıb. Əbülfəz Bünyətovun yaşayış evinə baxış keçirilərkən çəkisi təxminən 2 kq 800 qram olan trotil şaşkası, detanatorları ilə birlikdə fitil, eləcə də 1780 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb, qeyd olunan otağın küçə tərəfində xüsusi qaraj tikilisi, həyətin girişdən baş tərəfində küçəyə tərəf müxtəlif ölçülü qum kisələrindən barrikada qurulduğu müəyyən edilib. Ora baxış keçirilərkən 10 ədəd şüşə butulkalarda "Molotov" kokteli aşkar edilib.

Proses avqustun 24-də davam edəcək.


APA.az