Rövşən Lənkəranskinin ata evindən reportaj - Fotolar

18 Avqust 2016 21:48 (UTC+04:00)

Son məlumatlara görə, Canıyevin cənazəsi bu gün axşam saatlarında doğulduğu Lənkəran şəhədinə gətiriləcək.

Əməkdaşımız reportaj hazırlamaq üçün Lənkərana yollanıb. Rövşən Canıyevın ölümündən şoka düşən lənkəranlılar onun cənazəsini gözləyirlər.

"Rövşənin ölüm xəbərini mətbuatdan oxuduq. Gözlərimizə inanmadıq. Dərhal ailə üzvləri ilə əlaqə saxlamağa çalışsaq da, alınmadı. Məlum oldu ki, onlar təcili Türkiyəyə gediblər. Bütün günü Allaha dua edirdik ki, Rövşənə heç nə olmasın. Ölüm xəbəri təsdiqlənən də çox pis olduq. Allah rəhmət eləsin"-deyə şəhər sakinləri bildirib.

Əməkdaşımızın sözlərinə görə, bu dəqiqələrdə Lənkəranskinin ata evində çox sayda insan yığışıb. Ərazi polis nəzarətindədir. Yas mərasiminin keçirilməsi üçün hazırlıq işləri görülür.

Qonşuların bildirdiyinə görə, Rövşən Lənkəranski xeyli vaxtdır ata yurduna gəlmirmiş: "Çoxdandır ki, Rövşən işləri ilə əlaqədar buralara gəlmirdi. O, çox hörmətli, mərd oğlan idi. Rövşənin ölümü bütün Lənkəran sakinlərini yasa qərq edib. Kaşki ona heç nə olmayaydı. Rövşən öləsi oğul deyildi. Lənkəranda onlarla ailə onun hesabına dolanır. Burada işsiz gənclər Rövşənin dəstəyi ilə Rusiyada özlərinə iş qurublar. Rəhmətlik atası kimi Rövşən əl tutan, kasıba kömək edən insan idi".

Şəhər sakinlərin sözlərinə görə, Rusiyada, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Rövşən Canıyevin dəfnində iştirak etmək üçün Lənkərana gələcək.

"Rusiyada yaşayan qohumlarımızla əlaqə saxlamışıq. Onlar Azərbaycana gəlmək üçün təcili bilet alıblar. Hazırda yas mərasiminə hazırlaşırıq. Rövşənin adına layiq mərasim keçiriləcək. O, hamımızın arxası, köməyi olub. Rövşənin borcundan heç vaxt çıxa bilmərik. Allah ona rəhmət eləsin! Rövşən bizim qəlbimizdə heç vaxt ölməyəcək. O, bütün Azərbaycanı dünyada tanıdan oğul idi"-deyə sakinlər söyləyiblər.

Hazırda kənar şəxslərin yas mərasiminin keçiriləcəyi yerə daxil olmasına, çəkiliş aparılmasına icazə verilmir.






AzVision.az