Evli kişi 17 yaşlı nişanlı qızı qaçırdı - “İstənilən halda qızımızı geri istəyirik“

19 Avqust 2016 13:06 (UTC+04:00)

17 yaşlı nişanlı qız həmkəndlisi tərəfindən qaçırılıb. Hadisə avqustun 18-i saat 23:00 radələrində baş verib.

Qaçırılan qızın atası Eldar Dadaşov açıqlamasında faktı təsdiqləyib. O, qızının zorla qaçırıldığını deyib: "Hadisə qızın bacısı ilə ayaqyoluna getdiyi zaman baş verib. Əminik ki, qızım zorla qaçırılıb. Çünki, qızımın ayaqqabısı hadisə yerində qalıb. 18 yaşına çatmayan şəxsin qaçırılması birbaşa insan oğurluğudur. Qızım qohumumuzla nişanlıdır və yaxın vaxtlarda toyu olacaqdı. Hazırda qızımın nişanlısı Rusiyadadır".

E.Dadaşov qeyd edib ki, qızını qaçıran şəxs kənddə avara, tüfeyli kimi tanınır: "Qızımı qaçıran şəxsin adı Zaurdur. O, kənddə tüfüyli, avara kimi tanınır. Bir müddət əvvəl öz qohumu ilə evil olub, sonra ayrılıb. Daha sonra xalası qızı ilə evlənib, onu da boşayıb. Həmin şəxs bu axşam qızımı qaçırıb".

Qızı qaçırılan ata polisin hadisəyə biganə münasibət göstərdiyini söyləyib: "Hadisədən dərhal sonra polisə xəbər verdik. Ancaq, Cəlilabad polisi hadisə yerinə gəlmədi. Dəfələrlə rayon polis şöbəsinə, 102 "qaynar xətti"nə etdiyimiz zənglərə baxmayaraq, onları hadisə yerinə gətirə bilmədik. Özümüz polis idarəsinə gedərək şikayətimizi bildirdik. Bundan sonra işi hansısa müstəntiqə verdilər. O, isə hazırda rayonda yoxdur. Polis hadisəyə müdaxilə etməli, qulduru saxlamalıdır".

E.Dadaşov qaçırılan qızını geri qaytarmaq istədiyini deyib: "Biz istəyirik ki, qızım tezliklə tapılsın. İstənilən halda qızımızı geri istəyirik. Oğlanın valideynləri də onun necə tərbiyəsiz insan olduğunu bilirlər. Onlar da qızımın tapılmasını istəyirlər.

Gecə saatlarında bildirdilər ki, qızı qaçıran şəxs Bakıya, "Yeni Günəşli" qəsəbəsində yaşayan bacısının evində gizlənir. Polisin işə laqeyd yanaşması qızımızın tezliklə geri qaytarılmasına maneə olur".

***

Hüquq-mühafizə orqanlarından "Qafqazinfo"ya bildirilib ki, qaçırılan qızın atası avqustun 19-də gecə saatlarında polis bölməsinə məlumat verib. Hazırda müraciət istintaqda araşdırılır.

Azvision.az