Nazirlikdən valideynlərə - Xəbərdarlıq

24 Avqust 2016 13:05 (UTC+04:00)

Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, şagird sayının artması və I sinfə gedəcək şagirdlərin sayının 100 faiz dəqiqliklə proqnozlaşdırılmasının mümkünsüzlüyü bəzi məktəblərdə dərsliklərlə təminatda müəyyən çətinliklər yarada bilər. Bu səbəbdən şagirdlərin vaxtında dərsliklərlə təminatı üçün şagirdlərdən və onların valideynlərindən sentyabrın 5-nə qədər təhsil aldıqları məktəbə müraciət edərək dərsliklərin əldə edilməsi xahiş olunur. Hansısa səbəbdən şagirdlərin dərsliklərlə təminatında çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Yaranmış problem məktəb rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən sentyabrın 15-nə qədər həll olunacaq.

Dərsliklərin əldə edilməsi üçün məktəblərə vaxtında edilən müraciətlər dərslik təminatında yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağa imkan verəcək.

Şagirdlərin və valideynlərin nəzərinə bir daha çatdırırıq ki, hər bir dərsliyin istifadə müddəti dörd ildir. Onlar dərsliklərin qorunmasına, səliqəli şəkildə istifadəsinə və dərs ilinin sonunda yeni istifadəçiyə ötürülməsinə qayğı ilə yanaşmalıdırlar.