“İranda qadınlara iş müqabilində cinsi tələblər irəli sürülür” - RƏY
29 Noyabr 2012 06:02 (UTC+04:00)
"İranda qadın gərək işəgötürənə şəxsi həyatında probleminin olması və ya boşanmasıyla bağlı məlumat verməsin. Əks halda ona başqa gözlə baxacaq və işə aidiyyatı olmayan tələblər də irəli sürüləcək. Bura cinsi tələblər də daxildir. Deyə bilərəm ki, belə bir tendensiya bu gün Təbrizdə var. Bu cür hallarla qarşılaşan qadınları tanıyıram. Maaşa gəlincə isə əgər qadın dövlət müəssisəsində işləyəcəksə, çox cüzi cəmi 425 min tümən əmək haqqı alacaq. Qadınlar özəl sektorlara da iş üçün müraciət edə bilərlər. O zaman da dediyim kimi əgər boşanıbsa, mənfi münasibətlə üzləşəcək". Bunu "Amerikanın səsi"nə müsahibəsində Təbriz şəhərində yaşayan İlahə Şükrüllahi bildirib.
Onun sözlərinə görə, iş axtaran qadınlar bu cür hallarla qarşılaşırlar: "Gərək iş görüşməsinə gedəndə boşanmaq üzrə olduğunu və ya boşandığını deməyəsən. Mən belə bir halla üzləşən bir qadınla danışdım.
O dedi ki, işləmək üçün bir yerə müraciət edib. İşəgötürən həkim olub. Qadının 3 il əvvəl boşandığını bilən kimi cinsi tələblərini irəli sürüb. O qadın isə buna görə orada işləməyə razılaşmayıb. Halbuki yaxşı maaş təklif edibmiş. İranda yüksək əmək haqqı verən iş yerləri var. Amma qarşılığında cinsi tələblərini də önə çəkirlər".
Elnarə Əlosmanqızı
AzNews.az