Ölülər də seçkiyə “gedəcək” - Moldovada biabırçı olay

14 Sentyabr 2016 17:30 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, siyahıda ölmüş şəxslərin adlarının da yer aldığı məlum olub. Ölkənin aidiyyəti qurumunun səhvini Moldova Reportyorlar Assosiasiyasının araşdırması üzə çıxarıb. Araşdırma zamanı məlum olub ki, həmin siyahıda təkcə 2014-2016-cı illərdə ölənlərin deyil, hətta on il öncə vəfat edənlərin də adları yer alıb. Bundan əlavə, seçici siyahısına tanınmış mərhumların da adları daxil edilib.

Moldavanın Mərkəzi Seçki Komissiyası məsələyə reaksiya verib. Komissiyanın üzvü Vladimir Şarban prezident seçkiləri öncəsi ölü şəxslərin də adının daxil olduğu siyahının dəqiqləşdiriləcəyini deyib.

Onun sözlərinə görə, artıq seçicilərin qeydiyyatı hər həftə yenilənəcək.
"Biz hər gün olmasa da, həftədə bir dəfə görüşüb məlumatlar bazasını yoxlayacağıq. İnsanlar narahatdırlar. Seçici siyahısının keyfiyyətinə dair daha dəqiq və effektiv təşkilatçılıq tədbirləri lazımdır", - deyə Şarban bildirib.

Xatırladaq ki, Moldovada prezident seçkiləri cari ilin oktyabr ayının 30-da keçiriləcək. Son 16 il ərzində ilk dəfə prezident parlamentdə deyil, ümumxalq səsverməsi ilə seçiləcək.

Aydan AXUNDOVA