DSMF rəsmisi prezidentin sərəncamından danışdı

30 Noyabr 2012 12:04 (UTC+04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyev prezident İlham Əliyevin "Pensiya təminatı sisteminin islahatı Konsepsiyası" layihəsinin hazırlanması haqqında imzaladığı sərəncamla bağlı məsələyə münasibət bildirib.

AzNews.az-in məlumatına görə, E.Mehdiyev deyib ki, Azərbaycanda həyata keçirilən sürətli islahatların nəticəsi kimi beynəlxalq standartlara cavab verən sığorta-pensiya sistemi uğurla fəaliyyət göstərir.

Onun sözlərinə görə, hazırda sistemin cari təkmilləşdirilməsi tədbirləri Azərbaycan Prezidentinin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində davam etdirilir: "Bütün bunlarla yanaşı sistemin uzunmüddətli inkişafı üzrə strateji hədəflərin müəyyən olunması və sistem göstəricilərinin müasir tələblərə uyğunlaşdırılmasının davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə konsepsiya layihəsinin hazırlanması zamanı sığorta-pensiya sistemində sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, sistemdəki bir sıra əlavə hüquq və imtiyazların bu prinsiplər əsasında tənzimlənməsi, bir sıra göstəricilərin, o cümlədən sosial sığorta normativlərinin optimallaşdırılması, Dövlət Sosial Müdafiə Fondunun maliyyə bazarının aktiv iştirakçısına çevrilməsi, könüllü sığortalanmanın təşviqi istiqamətlərinin müəyyənləşdirilməsi diqqətə alınacaq".

Vasif Həsənli
AzNews.az