Brilliant Dadaşova ABŞ-da mükafat alacaq

1 Dekabr 2012 10:00 (UTC+04:00)
ABŞ-da keçiriləcək "Big Apple Music Awards"ın sayca 5-ci təqdimat mərasiminin xüsusi qonaqlarından biri Xalq artisti Brilliant Dadaşova olacaq. AzNews.az-ın məlumatına görə, Xalq artistinə müsabiqədə "Musiqinin inkişafına verdiyi töhfəyə görə" "Diamond Award" mükafatı təqdim ediləcək.

Dekabrın 2-də Nyu-Yorkun məşhur konsert salonlarından olan "Millenium"da keçirilməsi nəzərdə tutulan adıçəkilən müsabiqə mart ayına qədər təxirə salınıb. Səbəb isə Sendi qasırğasından sonra konsert salonuna ciddi ziyan dəyməsi olub.

Qeyd edək ki, sözügedən mükafatlandırma mərasimi "European Music Awards", "Latina Music Awards" kimi musiqi mükafatlarının analoqu hesab edilir. Tədbirdə artistlər cəmi 22 nominasiya üzrə mükafatlandırılacaqlar.

Fuad Mədətov
AzNews.az