Qayğıkeş ərlər və ehtiraslı aşiqlər - Tiranların sevgi tarixçəsi

4 Oktyabr 2016 16:29 (UTC+04:00)

AzNews.az "insan simalı" diktatorların sevgi tarixçəsini təqdim edir:

Ən tanınmış diktatorlardan biri olan Adolf Hitler çox sayda qadın sevib. Lakin bu qarşılıqlı sevgilərin sonu çox vaxt faciəvi bitib. Siyasətçinin pərəstişkarlarının sayı da xeyli çox olub.



Hitlerin bəlkə də həqiqətən sevdiyi qadınlardan biri Rixard Vaqnerin gəlini Vinifred olub. Hitler Vaqnerin musiqisinə heyran idi. Onun gəlini ilə tanış olduqda onunla ciddi şəkildə maraqlanmağa başlayıb. Hitler həbsxanada olarkən də Vinifred ona tez-tez baş çəkib. Hətta çətin vaxtlarda "Mənim mübarizəm" ("Mein Kampf") üçün ona vərəq də tapıb. O, Hitleri dahi insan hesab edərək ona səcdə edib.



Ögey bacısının qızı Qeli Raubel ilə isə Hitler ilk dəfə 1925-ci ildə görüşüb. Özünün 36, qızın isə 17 yaşında olması onun üçün heç də problem yaratmayıb. Onlar dağlara təşkil edilən davamlı gəzintilər zamanı tək qalır, uzun-uzun söhbət edirdilər. Hər şey münasibətin toyla nəticələnəcəyini deməyə əsas verirdi. Lakin Hitler deyirdi ki "mənim gəlinim Almaniyadır".

Hitlerin bu sevgisi də nakam qalıb. 1931-ci il sentyabrın 18-də Qeli Raubal intihar edib.



Qeli ilə paralel olaraq diktator 1929-cu ildə tanış olduğu Yeva Braunla da maraqlanır. Bu sevgi macərası 16 il davam edir. Yeva fürer ilə münasibətlərin dərinləşməsi səbəbindən dostları və tanışlarından getdikcə daha çox uzaqlaşır və başçının əsiri olur.



Demək olar ki, bu sevgi Yevaya xoşbəxtlik gətirməyib. Hitler və Yeva 1945-ci il aprelin 30-da sovet qüvvələrinin gəlişindən öncə intihar edirlər. Beləliklə, Yeva Braun Hitlerin sonuncu sevgisi olur və onunla birlikdə qanuni həyat yoldaşı kimi həyatdan köçür.




İosif Stalinin şəxsi həyatı barədə məlumat azdır. Məlumata görə o, sevgi münasibətlərinə və ailə həyatına dair istənilən sənədləri və sübutları diqqətlə məhv edirdi.



İosif Cuqaşvilinin ilk həyat yoldaşı gürcü qızı Yekaterina (Kato) Svanidze olub. Çətin həyatı olan qadın yatalaq xəstəliyinə yoluxur. Xəstəlikdən sonra zəifləyən bədəni daha çox mübarizə apara bilmir və Kato vəfat edir.



Stalinin ürəyində yeni sevgi 20-ci illərdə bolşeviklərin qələbəsindən sonra yaranır. Stalindən 23 yaş balaca olan Nadejda inqilabçı Sergey Alliluyevin qızı olub.



O, diktatorla ailə həyatına 14 il dözə bilib və 1932-ci il noyabrın 9-da "Valter" silahından ürəyinə atəş açıb. Ömrünün son dönəmlərində onun Stalinlə birgə yaşamaqdan şikayətləndiyi, boşanmaq istədiyi məlumdur.




Milli faşist partiyasının lideri, italyan diktator Benito Mussolini 30 il Rakel Mussolini ilə ailəli olub. Rakel faşist rejimi ərzində nümunəvi evdar qadın və ana kimi təsvir edilib. Ailə Benitonun yeni eşq macərasına görə dağılıb.



Mussolininin yeni sevgisi onun keçmiş silahdaşı Klara Petaççi olub. 1945-ci il aprelin 28-də Mussolini və onun məşuqəsi Klara italyan partizanlar tərəfindən tutularaq edam ediliblər.




Koreya dövlət, partiya və hərbi xadimi olan və 27 il dövlət lideri kimi fəaliyyət göstərən Kim Çen İrin yeganə rəsmi həyat yoldaşı Kim Young Sook hesab edilir. Onun barəsində isə demək olar ki heç bir məlumat yoxdur.



Kim Çen İr Son He Rim ilə 1970-ci ildə tanış olub. Lakin bu faktı Kim bir müddət atasından gizlədib. Belə ki, atası bu münasibətin əleyhinə olub. Çünki o, ailəli və Kimdən 6 yaş böyük olub. 1971-ci ildə cütlüyün oğlu dünyaya qəlib. Lakin böyük hökümdar bununla kifayətlənməyib.



Kim Çen İrin növbəti sevgisi rəqqasə Ko Yong-hui olub. O, diktator üçün 2 oğul dünyaya gətirib. Məhz o, atasından sonra hakimiyyətə sahib çıxan Kim Çen Inın anasıdır.



2006-cı ildə Cənubi Koreya informasiya agentliyi KXDR-in birinci xanımının meydana çıxdığını xəbər verib: Kimlə birlikdə 20 ildən çox çalışan Kim Ok. Ko Yong-hui-nin ölümündən sonra Kim Ok onunla birlikdə vətəndaş nikahında yaşamağa başlayıb.




Liviyanın dövlət və hərbi xadimi, siyasətçi və publisist Müəmmər Qəddafi 1969-2011-ci illərdə Liviyaya de-fakto rəhbərlik edib. İlk dəfə Qəddafi keçmiş məktəb müəlliməsi Fathia Nuri Xaled ilə ailə qurub.



İkinci dəfə Qəddafi 1970-ci ilin iyulunda tibb bacısı Safiya Frakaş ilə evlənib. Bu evlilikdən onun 6 oğlu və bir qızı dünyaya gəlib.




Tanınmış İraq diktatoru Səddam Hüseynin ilk həyat yoldaşı əmisi qızı Sacida Tulfax olub. Valideynləri Səddamın 5, Sacidanın 7 yaşı olanda onları nişanlayıblar. Bu nikahdan onların 5 övladı doğulub.



Saraylarından birinin həyətində Səddam öz əllərilə elit ağ qızılgül kolu əkib. Bu gülü Sadica adlandıran Səddam gülün yetişməsinə şəxsən özü nəzarət edib.



Səddamın ikinci evliliyinin tarixçəsi hətta İraq sərhədlərindən kənarda da çox danışılıb. 1988-ci ildə Səddam Hüseyn "İraq Airways" avia şirkətinin prezidentinin xanımı ilə tanış olub. Bir müddət sonra Səddam şirkət prezidentinə xanımını boşamağı təklif edib. Səddamın əmisi oğlu bu evliliyin əleyhinə çıxıb. Qısa müddət ərzində o, yol qəzasında vəfat edib.



Aydan AXUNDOVA