2 saat sonra Tehran titrəyəcək - ETİRAZ

3 Dekabr 2012 13:02 (UTC+04:00)


İran dövlətinin Güney Azərbaycanda bu ilin avqustunda baş verən zəlzələdən zərər çəkənlərə yardım göstərməməsi qəribə aksiya ilə dünyanın diqqətinə çatdırılacaq. Aksiya Təbrizin məşhur "Traxtorsazi" komandası ilə Tehranın "Piruzi" komandasının qarşılaşması zamanı keçiriləcək.

Bu gün yerli vaxtla 15.30-da baş tutacaq qarşılaşmanın 20-ci dəqiqəsində Təbriz komandasının azarkeşləri komandanın simvolu olan şarf və papaqlarını stadiona atacaqlar. Aksiyaya komandanın qadın azarkeşlərindən də dəstək gəlib.

Qadın azarkeşlərin yaydığı bəyanatda İranda xanımlarn stadiona buraxılmadığı qeyd olunur: "Fars hakimiyyəti toplumun yarısını təşkil edən qadınların idman meydanlarına getmək haqqını qəbul etməyərək bizlərin qarşısını alır. Biz, qadın tərəfdarları millətimizin çəkdiyi zülmü dünyaya çatdırmaq üçün stadionda keçiriləcək aksiyanı tam dəstəkləyirik. Bütün qadınlara müraciət edərək özümüz gedə bilməsək də, hər birini dəstək əlaməti olaraq bir şarf və papaq alıb zəlzələdən zərər çəkən soydaşlarımıza göndərməyə çağırırıq".

Məlumat üçün bildirək ki, bugünkü oyun İranın futbol üzrə ölkə çempionatı çərçivəsində Tehranın "Azadi" stadionunda baş tutacaq.

Elnarə Əlosmanqızı
Aznews.az