Boksçularımız 7 medal qazandılar

3 Dekabr 2012 16:15 (UTC+04:00)
Ermənistanın paytaxtı Yerevanda gənclər arasında boks üzrə dünya birinciliyi davam edir. AzNews.az-ın Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, bu gün ilk olaraq boksçularımızdan Pərviz Bağırov (64 kq) rinqə çıxıb. O, 1/8 final mərhələsində Almaniya boksçusu Marsel Orsingerlə qarşılaşıb. İlk raunddan üstünlüyü ələ alan gənclər arasında Avropa çempionumuz ilk hissədə 7:1 hesabı ilə üstün olub. İkinci raund da boksçumuzun eyni hesablı qələbəsi ilə başa çatıb.

Bağırov həlledici raunda rahat çıxmasına baxmayaraq, bu dəfə də rəqibinə daha çox dəqiq zərbə endirib - 6:1. Ümumi hesabda 20:3 hesabı ilə qalib gələn Bağırov ¼ finala vəsiqə qazanıb.

75 kq çəki dərəcəsində yarışan Orxan Mayıllı isə ¼ finala vəsiqə əldə etmək üçün venesuelalı Nalek Korbaj Barrera ilə üz-üzə gələcək. Venesuelalı boksçunun ən yaxşı nəticəsi bu il Panamerika məktəblilər yarışında əldə etdiyi gümüş medaldır.

Bu gün boksçularımızdan son olaraq Tural Əhmədov (52 kq) rinqə çıxacaq. Onun rəqibi hindistanlı Dheeraj olacaq. Dheeraj aəzrbaycanlı idman severlərə də yaxşı tanış olan boksçudur.

O, 2011-ci ildə Bakıda keçirilən Abbas Ağalarovun xatirəsinə həsr olunmuş turnirdə 3-cü yeri tutmuşdu. Hindistan nümayəndəsi 2010-cu ildə isə Türkiyədə Əhməd Comərd turnirində 1-ci yeri tutarkən, yarımfinalda milli komandamızın digər üzvü Fərid İsmayılovu məğlub etmişdi.

AzNews.az