Atatürkün erməni sevgilisi - İDDİA

3 Dekabr 2012 17:20 (UTC+04:00)


Türkiyədə Nehir Eyuboğlunun müəllifi olduğu "Qazinin hüznlü aşiqi" kitabı fikir ayrılığına yol açıb. Kitabın müəllifi "Hürriyət" qəzetinə müsahibəsində Atatürk və erməni qızı Ermine arasındakı məhəbbətdən danışıb. Əvvəllər Almaniyada, indi isə Türkiyədə yaşayan N.Eyuboğlu kitabda adı çəkilən qadınla şəxsən tanış olduğunu, qadının öz məhəbbət hekayəsini ona 17 il əvvəl danışdığını deyib.

Ermine Atatürklə 1929-cu ildə banketdə tanış olduğunu bildirib. Qadın iddia edib ki, ona ilk baxışdan vurulan Atatürk onu öz iqamətgahına - Dolmabağça sarayına dəvət edib.

Bundan sonra görüşdüklərini bildirən qadın məhəbbət hekayəsinin evliliklə başa çatmamasının səbəblərindən də danışıb: "Bunun 2 səbəbi olub. Bunlardan birincisi aramızdakı yaş fərqi olub. İkinci səbəb isə Atatürkün evliliyə isti münasibət göstərməməsi idi. Atatürk özünü bütünlüklə türk xalqına həsr etmişdi".

Müəllifin sözlərinə görə, erməni qadınla Atatürkün görüşləri baş nazir İsmət İnönünün bu məsələyə müdaxiləsindən sonra dayanıb.

Ancaq sözügedən kitabda əksini tapan fikirlərə Türkiyənin məşhur yazarları olan Taha Akyol, Oğuz Akay və Sinan Meydandan kəskin etirazlar gəlib. Onlar Atatürkün erməni sevgilisinin olması ilə bağlı məlumatın təsdiqlənmədiyini vurğulayıblar.

Elnarə Əlosmanqızı
AzNews.az