Tehranda matç zamanı azarkeşlər soyundular - FOTO

3 Dekabr 2012 20:33 (UTC+04:00)
Bu gün Tehranda Təbrizin "Traktorsazı" komandası Tehranın "Tehran Perpolisi" komandası ilə qarşılaşıb. Bu qarşılaşmanın əsas maraq doğuran məqamı ondan ibarətdir ki, İran fars molla rejiminin təzyiqləri altında mübarizə aparan Güney Azərbaycan türkləri İran liqində tək "Traktorsazı" ilə təmsil olunurlar.

AzNews.az-a oyunu izləyən güneyli soydaşlarımızın verdiyi məlumata görə, gərgin keçən matçın 77-ci dəqiqəsində "Traktorsazı"nın oyunçusu Səyid Salihi "Tehran Perpolisi"nin qapıçısını məyus edib. Oyun Təbriz komandasının xeyrinə 1:0 hesabı ilə başa çatsa da, azarkeşlərin stadionda başladıqları aksiyalar oyunu kölgədə qoyub.

Məlumata görə, "Traktorsazı"nın çılğın azarkeşləri oyunun 20-ci dəqiqəsindən etibarən əyinlərindəki paltarları çıxarmağa başlayıblar.
Bu aksiya ilə azarkeşlər Güney Azərbaycanın Qaradağ bölgəsində baş verən zəlzələdən ziyan çəkən ailələrin soyuqda qalmasına rejimin diqqətini yönəltmək istəyiblər.

Soydaşımızın məlumatına görə, stadiona polis qüvvələri cəlb olunsa da, onlar azarkeşlərin başlatdıqları aksiyanın stadiondan kənara çıxacağından ehtiyatlanaraq aksiyaya müdaxilə etməkdən çəkiniblər.

İnci
AzNews.az