İsrail Suriyanı vurmaq üçün kimdən icazə istəyib?

4 Dekabr 2012 09:11 (UTC+04:00)
ABŞ-da nəşr olunan "The Atlantic" jurnalı ötən ay İsrailin Suriyanın kimyəvi silah bazalarını vurmaq üçün İordaniyadan icazə istədiyini yazıb. Jurnalın Jefri Qoldberq adlı əməkdaşının yazdığı məqalədə İsrail baş naziri Binyamin Netanyahunun MOSSAD-ın əməkdaşlarını İordaniyaya göndərərək rəsmi Ammandan hücum üçün razılıq almasını istədiyi bildirilib.

Ancaq İordaniya hökuməti hələ vaxtın çatmadığını bəhanə gətirərək bu istəyə rədd cavabı verib. Xəbərdə eyni zamanda İsrailin İordaniyanın razılığı olmadan da hücuma keçə biləcəyi, lakin Təl-Əvivin dünya birliyi ilə üz-üzə qala bilmək qorxusu da qeyd olunub.

Jurnal həmçinin bildirib ki, İsrail və ABŞ-a məxsus pilotsuz təyyarələr fasiləsiz olaraq İordaniya-Suriya sərhədində kəşfiyyat uçuşları keçirərək Suriyanın kimyəvi silah bazalarını yaxından izləyir.

Tərlan
AzNews.az