“Əmim oğlunu səhv etdiyinə görə yığmadan qovmuşam” - Firdovsi Umudov + Müsahibə
14 Oktyabr 2016 16:22 (UTC+04:00)
Əməkdaşımızla söhbətimidə o, idmançılara verdiyi cəzadan danışıb.
Əməkdar məşqçi, həmçinin, güləşçilərimizdə idmana motivasiya yaratma üsullarından da danışıb.
- Firdovsi bəy, səhv edən güləşçilərə necə cəza üsulu tətbiq edirsiniz?
- Baxır idmançının etdiyi səhvin böyüklüyünə, kiçikliyinə...
İdmançı səhər məşqinə yatıb qalıb, gecikibsə yüngül formada cəzalar tətbiq olunur. Bütün komanda qarşısında tapşırıq verilir ki, birinci və sonuncu dəfə olsun. Bu, digər idmançılara da dərs olur. Fərqi yoxdur, gənc ya aparıcı idmançı, dünya və ya Avropa çempionu... Komandada bütün idmançılar eynidir.
- Komandadan uzaqlaşdırılanlar olub?
- Uzaqlaşdırılma o hallarda olur ki, idmançı səhvini bir neçə dəfə təkrar edir, məşqə laqeyd yanaşır, icazəsiz iş görür, artıq hərəkətlərə yol verir, məşqdən yayınıb pis vərdişlərlə məşğul olur. Belə idmançıları yığmada saxlamağın mənası da yoxdur. Çünki o, gənc, yeniyetmə idmançılara da mənfi təsir göstərə bilər.
Sözsüz ki, idmançı məşqin ağırlığını götürə bilmir, yüklənmə olursa, həkim məsləhəti ilə ona istirahət veririk.
Cəzalar titullu idmançılarımıza da aiddir. Kimliyindən aslı olmayaraq səhv edən cəzasını alır.
- Bu günə kimi verdiyiniz ən ağır cəza hansı olub?
- Ən ağır cəza millidən uzaqlaşdırma olub. Ad çəkməyəcəyəm, amma elə idmançılar olub ki, gənc və yeniyetmə güləşçilərimizi də başqa yollara çəkmək istəyib. Bu xəbər mənə çatıb, hiss etmişəm. Həmin dəqiqə o idmançı millininin tərkibindən uzaqlaşdırılıb.
- Üzr istəyib geri qayıtmaq istəyən olubmu? Olubsa, bağışlamısınız?
- Əlbəttə olub. Gəlib deyib "bağışlayın, üzr istəyirəm, səhv etmişəm". Bağışlanma da baxır idmançının səhvinin miqyasına... Yəni keçmişdə buraxdığı səhvlərlə indiki səhvinə baxılır və milliyə qaytarılıb-qaytarılmamasına qərar verilir. Yeniyetmələrin baş məşqçisi olduğum vaxtlarda doğma əmin oğlunu səhvinə görə yığma komandadan qovmuşam. Gəlib üzr də istəyib, qaytarmamışam.
Sonra o, səhvindən dərs çıxarıb, hərbi qulluğunu yerinə yetirib, indi də normal işlə məşğul olur. Məşqçilik edir. Özü də indi yaxşı anlayır ki, cəzasını haqlı olaraq alıb.
Onu mən 2-3 xəbərdarlıqdan sonra kənarlaşdırmışdım.
Bu gün yığma komandamızda görülən işlər öz bəhrəsini verir.
- Cəzanızdan küsənlər olubmu?
- Olsun... Hətta azarkeşlər də qınaya bilər bizi cəzamıza görə...
Amma bilmək lazımdır ki, idmançı özünə həmişə bəraət qazandıra bilər, çünki o özündə heç vaxt günah axtarmır. Sonra anlayır ki, doğrudan da məşqçi düz deyib.
Olub ki, dünya və Avropa çempionlarımız, olimpiya çempionlarımız cəzalanıb, tənbeh olunub. Qayıdandan sonra Avropa, dünya çempionatlarında nəticə göstərib və gəlib bizi qucaqlayıb deyib ki, "siz düz iş gördünüz, mən sizinlə razıyam, üzr istəyirəm, içimdə sizə qarşı acıqlı idim".
Yeri gələndə həmin vaxt nifrət hissləri də olur onlarda... Özü bilər. Mən həmişə demişəm yığma komanda bir ordudur. Nizam-intizam olmayan yerdə heç vaxt nəticədən danışmaq olmaz. Həm məşqçilər, həm də güləşçilər nizam-intizam qaydalarını gözləməlidirlər.
Milli komandada kiçiyindən böyüyünə kimi hər kəs eynidir. Biz bir ailəyik. Yığma komandada mənim qoyduğum qanunlar keçərli olmalıdır, mənim dediyim tapşırıqlar yerinə yetrilməlidir. Kənara çıxanda isə mən idmançılarla yenə dostam, qardaşam.
Məşqçilərin tapşırığına kim riayət etmirsə, həmin idmançıya qapı açıqdır, çıxa bilər. Elə idmançının bizim yanımızda yeri ola bilməz.
Məşqçinin də onları nizam-intizama çağırmaqda məqsədi idmançıların uğur qazanması, nəticə verməsidir. Mən onlara demirəm ki, mənim evimdə işləyin. Onları başqa işə yönəltmirəm ki... Deyirəm məşq edin, rejiminizə, yemək rasionuna fikir verin.
İdman karyeranızı dayandırandan sonra isə gedib nə istəyirsiniz edin. Yığmanın üzvü olan hər kəs bizim dediyimiz o qaydalara riayət etməlidir.
Onlar məni aldada da bilməz... Çünki bütün bu prosesləri biz cavanlıqda keçib görmüşük.
Bu gün biz onlara yaxşı məsləhət verib, düz yol göstəririk. İdmançının nəbzini tutanda ürəyinin ritmindən anlayırıq ki, o, gecə normal yatmayıb. Məni ömrü boyu aldada bilməzlər.
Rejimi gözləyən idmançılar mütləq nəticə verir.
- Cəza üsulunuz aydın oldu, bəs motivasiya? İdmançıları necə həvəsləndirirsiniz?
- İdmançıya ən yaxşı motivasiya məşqçinin sözüdür. Yəni "halal olsun, sən bunu yaxşı bacardın". Bu, güləşçidə böyük ruh yüksəkliyi yaradır. Həmçinin mən həmişə demişəm, bizim idmançılarımız millətini, dövlətini sevməlidir.
İdmançılarımıza həmişə dəstək verilib, həm maddi, həm də mənəvi... Amma birinci növbədə vətən sevgisi dayanır.
90-cı illərdə biz yığma komandada məşq edəndə, yarışlara çıxanda belə şəraitimiz yox idi. Müharibə şəraitində yaşayırdıq, çətinliklər var idi. Hətta nəticə verənlərə mükafat belə verilmirdi.
İndi isə məşq edən, özünü yaxşı tərəfdən göstərən idmançılar mükafatlandırılır. Hətta federasiya qarşısında onların qalmaq, yemək və maaş məsələsini qaldırırıq, problemləri həll olunur.
Bütün bunlar da idmançıları həvəsləndirir.
Şükürlər olsun ki, onlara normal şərait də yaradılıb, yığma komandanın bazasında qalırlar, yemək və yataqla, maaşla təmin olunurlar.
Təbii ki, idmançıların aldıqları cəza bu məsələlərdə də öz təsirini göstərir.
- O vaxtlar idmançıların gördüyü çətinlikləri bugünkü nəslə misal çəkirsinizmi?
- Əlbəttə... Yığma komandamızın üzvlərinin əksəriyyəti 1989-cu ildən 1993-cü ilə qədər olan təvəllüddəki idmançılardır.
O vaxtlardan misallar çəkirik bilsinlər ki, biz həqiqətən o dönəmdə çox əzablı, çətin günlər görmüşük. Bizim yığmamızın forması belə yox idi.
Bunları deyəndə bəzi insanlar bu sözlərə qıcıqlanır. Bizim haqqımızda olmayan sözlər, fikirlər deməyə başlayırlar. Başa düşmürəm ki, biz faktı deyəndə bu, niyə kiminsə xətrinə dəyir? Fakt odur ki, biz çətinliyi görə-görə bu günə qədər gələ bilmişik.
Özüm respublika birinciliyini Gəncədəki filarmoniyada güləşərək qazanmışam. Filarmoniyada respublika birinciliyi keçirilərmi?!
Mədəniyyət evində yarış təşkil olunurdu. Küçənin ortasında güləş yarışları keçirirdik. İşıqlar sönürdü zalda, çıraq işığında güləşirdik. İçimizdə bir həvəs var idi, döyüşmək eşqi var idi, bayraq sevgimiz var idi. Fikirləşmirdik ki, udacağıq, bizə mükafat verəcəklər.
Güləşdiyimiz yerdə başımızın üstündən düşmən güllələri, topları keçirdi.
Bunları mən hər dəfə idmançılara deyirəm. Bildirirəm ki, yaradılan şəraitdən səmərəli istifadə edin, bəhərlənin... Yalnız bu halda uğur qazanmaq olar...
Aygün İLQARQIZI
AzNews.az