Pakistandan Ermənistana növbəti Qarabağ xəbərdarlığı

4 Dekabr 2012 15:16 (UTC+04:00)


Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı, admiral Məhəmməd Asif Sandila ilə görüşüb.

Səfir D.Şikarov AzNews.az-a bildirib ki, görüş zamanı Azərbaycanla Pakistan arasında mövcud olan dostluq münasibətləri, siyasi, hərbi, iqtisadi və digər sahələrdə gedən əməkdaşlıqdan danışılıb. Səfir Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın Azərbaycanın mövqeyini tam dəstəklədiyinə və tutduğu işğalçı mövqeyi səbəbindən Ermənistanı bir ölkə kimi tanımadığına görə admiral Məhəmməd Asif Sandilaya minnətdarlığını bildirib.

Onun sözlərinə görə, Hərbi Dəniz Qüvvələri komandanı iki ölkə arasında inkişafda olan münasibətlərdən məmnun olduğunu bildirib, Azərbaycan torpaqlarının işğalına son qoyulmayanadək Ermənistanla heç bir münasibət qurulmayacağını əminliklə ifadə edib. Admiral ölkəsinin Dağlıq Qarabağ məsələsində verdiyi dəstəyin sona qədər davam edəcəyini vurğulayaraq, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında hər cür köməklik göstərməyə hazır olduqlarını bildirib. Məhəmməd Asif Sandila Azərbaycanın iqtisadiyyatının günü-gündən güclənməsinə və artıq yardıma ehtiyacı olan ölkədən donor ölkəyə çevrilməsinə və regionda söz sahibi olmasına çox sevindiyini qeyd edib.

Görüş zamanı admiral həmçinin, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən Pakistanın bütün əyalətlərində həyata keçirilmiş humanitar layihələrin Pakistan xalqı və rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığını qeyd edərək, Azərbaycan-Pakistan dostluğunun əbədi və sarsılmaz olduğunu bildirib.
Görüş zamanı Azərbaycan və Pakistan hərbi dəniz qüvvələri arasında əməkdaşlığa dair məsələlərin geniş spektri müzakirə edilib".

Vasif Həsənli
AzNews.az