Fazil Mustafa müxalifəti birliyə çağırdı

4 Dekabr 2012 20:10 (UTC+04:00)
"Milli Məclisdə təmsil olunan Böyük Quruluş Partiyası (BQP) və digər siyasi partiyalar prezident seçkilərində müstəqil formada iştirak etmək istəyir". Bunu AzNews.az-a açıqlamasında BQP-nin sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, BQP-nin seçki proqramı mövcuddur: "Mənim dünya görüşüm Milli Məclisdə təmsil olunan digər partiya rəhbərlərinin dünya görüşündən xeyli fərqlənir. Bu fərqi göstərmək üçün də seçkilərə hər kəsin ayrıca qatılması daha normal olar".

İctimai Palatada təmsil olunan siyasi partiyalar arasında vahid namizədlə bağlı yaranan fikir ayrılığı məsələsinə də toxunan F.Mustafa deyib ki, vahid namizəd ideyası ümumiyyətlə absurddur. Onun sözlərinə görə, bu o deməkdir ki, kiminsə başına quş uçub qonsun və vahid namizəd müyyənləşsin: "Bu kimi yollarla belə məsələləri müəyyən etmək olmaz. Burada məsələ demokratik seçki mühitinin yaradılmasından getməlidir. Bunun üçün də bütün müxalifət qüvvələri birgə səy göstərməlidirlər. Əks təqdirdə qeyri-bərabər mübarizədə müxalifət yenə də məğlub olacaq.
Digər tərəfdən isə siyasi partiyalar ayrıca öz namizədləri ilə də çıxış etməlidirlər ki, öz proqramlarını fərqləndirə bilsinlər. Azərbaycanda olan ayrı-ayrı siyasi liderlər və xadimlər özləri meydanlara çıxıb mövqelərini ortalığa qoymalıdırlar. Yoxsa əks halda vahid namizədlik ətrafında gedən bu cür söz oyunları onların başlarını qatacaq. Ən ağılsız ideya da müxalifət cinahında vahid namizədin müxalifət elektoratı tərəfindən seçilməsi məsələsidir. Bu elektoratın sayını kim müəyyən edir, hələ dəqiq bəlli deyil. Əgər belə elektorat varsa, o zaman müxalifəti seçkilərdə qalib edib hakimiyyətə gətirsin. Əslində müxalifətin bu qədər real dəstəyi yoxdur. İndi də dəb düşüb, hər hansı siyasi partiya öz üzvlərinin sayını artıq göstərir. Əgər belə olsaydı, ən azı aksiyalarda siyasi partiyalar küçələrə öz dəstəkçilərini çıxarardılar. Onların bunu etmək imkanı olub. Digər tərəfdən isə əgər müxalifətin arxasında 50 min sabiq qüvvəsi varsa, o zaman bu insanlar onları hakimiyyətə də gətirə bilərlər. Bəs niyə gətirmirlər? Deməli, bu qədər sadiq dəstəkçiləri yoxdur. Ona görə də bu kimi məsələləri yalandan şişirtmək düzgün deyil".

Vasif Həsənli
AzNews.az