Atletimiz Avropa çempionu oldu

5 Dekabr 2012 08:36 (UTC+04:00)
İsrailin Eylat şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan ağır atletlər arasında Avropa birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından AzNews.az-a daxil olan məlumata görə, bu gün milli komandamızın daha bir üzvü körpücük üzərinə çıxıb. İstedadlı gənc atletimiz Firudin Quliyev yaşı 20-dək olan idmançıların yarışında 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb və Avropa çempionu adını qazanıb.

"Zirvə" idman klubunun yetirməsi olan Firudin təkanla qaldırma həkərətində möhtəşəm çıxış edərək qızıl medal qazanıb.

Birdən qaldırma hərəkətində 136 kq nəticə göstərən idmançımız əsl gücünü təkanla qaldırma hərəkətində göstərib. Bu hərəkətdə əvvəlcə 172 kq-ı başı üzərinə qaldıran Quliyev sonra 180 kq-ı ram edərək Avropa çempionu olub.

Firudin son yanaşmasında 190 kq sifariş verərək gənclər arasında Avropa və dünya rekordunu yeniləmək istəyib. Ancaq təəssüf ki, ştanq atletimizə ram olmayıb.

Buna baxmayaraq, toplamda 316 kq (136 kq + 180 kq) nəticə göstərən Firudin Quliyev, ən yaxın izləyicisini 2 kq qabaqlayaraq Avropa çempionu olub.

AzNews.az