“Neftçi” azarkeşi döyən futbolçu ilə bağlı - Qərar verdi
25 Oktyabr 2016 22:44 (UTC+04:00)
Konfrans daha çox "dəyirmi masa"nı xatırladıb. Elxan Abdullayev konfransda azarkeşi döyən futbolçu Katalin Tirayla bağlı sualı cavablandırıb və onun komandadan qovulacağını bildirib.
Həmin açıqlamaları təqdim edirik:
- Bu gün Azərbaycanın ən güclü komandasına qarşı oynayırdıq. Bu üzdən də müdafiə taktikası seçmişdik. Taktika özünü doğrultdu. İlk qol uzaq məsafədən vurdu. İkinci top isə matçın sonunda avtoqoldan daxil oldu.
- Katalin Tira rəqib qapısına qol vurmaq əvəzinə, azarkeşi vurdu…
- Onu komandadan qovacağıq. "Neftçi" "fair-play"ə həmişə riayət edib. Bəli, azarkeş də meydana daxil olmalı deyildi. Ancaq bu, heç bir futbolçuya ixtiyar vermir ki, azarkeşi vursun.
- İkinci hücumçunu yalnız 87-ci dəqiqədə buraxdınız. Nəyi gözləyirdiniz?
- Hesab 1:0 idi. İstənilən qol oyunda dönüş yarada bilərdi.
- "Neftçi"ni qəbul etdiyiniz vaxtla indiki arasında fərq var?
- Əlbəttə! "İnter"lə oyunda futbolçuları qıcolma tuturdu. Bu gün 90 dəqiqə mübarizə apardılar. Mən sehrbaz deyiləm. Gələn gündən demişəm ki, səbr eləyin. Heç olmasa, qışa qədər gözləmək lazımdı.
- "Neftçi"nin hədəfini açıqlaya bilərsiniz?
- Qışa qədər əsas rəqiblərimizin bizdən çox uzaqlaşmamasını istəyirik. Qışdan sonra fərqli "Neftçi" görəcəksiniz. Mən millidə işlədiyim dövr, "Neftçi" rəhbərliyi AFFA-ya müraciət etdi. Mən də burda komandanı pis vəziyyətdən çıxarmaq istəyirəm.
- Dünya praktikasında milli və klubda eyni vaxtda uğurla işləyən mütəxəssis tanıyırsınız?
- Valeri Lobanovski nümunəsi. Elə Aleksandr Starkov da müsbət nəticələrlə yadda qalıb. İndi "Neftçi" quyudadı. Bu quyudan çıxmaq lazımdı. "Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında 6-cı ilində çempion oldu. Zamana ehtiyac var. Uşaq da anadan olanda ət yemir, süd içir.
Qafqazinfo.az