Bakıda din və dövlət münasibətləri müzakirə olunacaq

5 Dekabr 2012 11:35 (UTC+04:00)
"Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumu keçiriləcək. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə ərsəyə gələcək.

Dekabrın 19-21-də baş tutacaq forum müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunub. Forumun məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.

Forumda müxtəlif ölkələrdən din siyasətilə məşğul olan rəsmi şəxslər, dinşünaslar, ilahiyyatçılar, azərbaycanşünaslar, qafqazşünaslar, politoloqlar, tarixçilər, xaricdən dəvət olunan alimlər, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycanda akkreditasiya olunmuş səfirlərin iştirakı nəzərdə tutulur.

Bahar Rüstəmli
AzNews.az