Tünzalə Ağayeva İTV rəhbərinin nəvəsinin müdafiəsinə qalxdı

5 Dekabr 2012 17:02 (UTC+04:00)
AzNews.az xəbər verir ki, əməkdar artist Tünzalə Ağayeva bu il Azərbaycanı "Eurovision Junior"da təmsil edən Ömər və Suadanı dəstəkləyib. O, Ömər və Suadanın duetinə çox gözəl baxdığını deyib: "Ölkəmiz, müasir musiqimiz daha bir yeniliyə imza atıb.

Onların kiçik yaşda böyük səhnədə ilk dəfə olmalarını, minlərlə auditoriyanın qarşısında çıxışlarını nəzərə alıb demək istərdim ki, onlar bizim kiçik qəhrəmanlarımızdırlar. Bir sənət adamı kimi onları dəstəkləyirəm. Unutmayaq ki, Avroviziya mahnı yarışmaları yalnız performansla nəticələnmir, onun siyasi tərəfi də öz təsirini mütləq göstərir".

"Ömər və Suadanın iştirakının nəticəsinə də düşünürəm ki, bu məqam təsir edib, səs verən ölkələr eyni ildə təkrarən bizim çox səs toplamağımıza birmənalı baxmayıblar" – deyən T.Ağayeva onu qeyd edib ki, Avropanın məşhur müsabiqəsinə Azərbaycanın ev sahibliyi etməsi, əlbəttə, hər kəsin ürəyincə deyildi, kimlərisə bu hadisə mütləq qıcıqlandırırdı: "Amma müsabiqənin gedişatı zamanı məhz favorit mahnılardan, qruplardan biri bizlər idik. Uşaqlarla çalışan bütün komandaya təşəkkür edirəm, sevimli vokal pedaqoqumuz Mziya Gambaşidzeyə zəhmətlərinə görə, ayrıca təşəkkür edirəm. Bir daha istedadlı Ömərin və Suadanın çıxışlarını yüksək qiymətləndirirəm. Ümumilikdə kiçik yaşlı uşaqlarımızın müasir səhnə perfomanslarının inkişafı üçün professionallar bir araya gəlməlidirlər, bir mərkəzin olmasını düşünürəm".

Qeyd edək ki, Azərbaycanı "Eurovision Junior"da təmsil edən Ömər Sultanov İTV-nin rəhbəri İsmayıl Ömərovun nəvəsidir.

Fuad Mədətov
AzNews.az