Hadisə yerindən qaçan sürücü həbs edildi

4 Noyabr 2016 18:08 (UTC+04:00)

Baş Prokurorluqdan AzNews.az-a verilən məlumata görə, 2016-ci il sentyabrın 26-da, saat 21 radələrində naməlum sürücü idarə etdiyi "QAZ-31029" markalı, 10-XH-453 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada - Əliyeva Elnarə Əlisəttar qızını vuraraq hadisə yerindən qaçması və sonuncunun çoxsaylı bədən xəsarətləri alması faktlarına görə rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin 1979-cu il təvəllüdlü, Sumqayıt şəhər sakini Quliyev Ramin Bahadur oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.

R.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.