Nazir müavini insan alveri qurbanlarının statistikasını açıqladı

6 Dekabr 2012 09:19 (UTC+04:00)


ATƏT-in Bakı Ofisi tərəfindən təşkil olunan "İnsan alveri və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi" mövzusunda iki günlük beynəlxalq konfrans başlayıb.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, general-leytenant Vilayət Eyvazov hər il dünyada 21 milyon adamın insan alverinin qurbanı olduğunu, 14 milyon adamın isə məcburi əməyə cəlb olunduğunu deyib: "İnsan alveri ilə mübarizə çərçivəsində Azərbaycanda Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və digər qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

2006-cı ildən bu yana Azərbaycanda insan alveri ilə bağlı 484 fakt aşkar olunub. Bu faktlardan 10 məcburi əməyə cəlb etmə olub, 363 nəfər məsuliyyətə cəlb edilib, 225 qrup zərərsizləşdirilib, Onlardan 8-i mütəşəkkil cinayətkar qrup olub. İnsan alveri ilə mübarizə nəticəsində 473 qurban azad olunub və reablitasiya edilib".

V. Eyvazov hər il Azərbaycanda insan alveri ilə mübarizəyə orta hesabla 500 min dollar vəsait ayrıldığını bildirib: "Həmin pul qurbanların reabilitasiyasına sərf olunur. Dövlət tərəfindən qurbanlara ödənilən pulun miqdarı cari ildə 2 dəfə artaraq 510 dollara çatıb".

AzNews.az