“Siyasi proses şouya çevriləndə Showman qalib olur”- Rasim Musabəyov

9 Noyabr 2016 12:07 (UTC+04:00)

Bu sözləri AzNews.az-a müsahibəsində millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Donald Trampın heç bir siyasi fəaliyyətlə məşğul olmaması onun bundan sonra ABŞ-ı kimlərlə idarə edəcəyini qeyri-müəyyən edir:

" Amma Tramp biznesmendir, o yaxşı başa düşür ki, mənsub olduğu Respublikaçılar partiyası ilə hesablaşmalıdır, Amerika tarixi sübur edir ki, ipə-sapa yatmayan prezident o postda çox qalmır."

Aparılan sorğularda Klintonun qalib kimi göstərilməsi, amma sonda məğlub gəlməsi məsələsini də şərh edən millət vəkili deyir ki, siyasi proses şouya çevriləndə "Showman" də qalib gəlməli idi:

"Aparılan sorğularda iştirak edən amerika vətəndaşları Trampın fikirləri ilə razılaşmağı özlərinə ayıb hesab edirdilər. Ona görə də əksər sorğularda Demokrat Hillari Klinton qalib kimi göstərilirdi. Amma, görünür, insanlar "ayıb" hesab etdikləri fikirlərlə razılaşmağa qərar veriblər."

Respublikaçı Donald Trampın prezident seçilməsindən sonra ABŞ-Azərbaycan münasibətlərinə gəlincə isə, Rasim Musabəyovun sözlərinə görə, adətən illərin təcrübəsi onu göstərir ki, Azərbaycanın Respublikaçılar partiyasından olan namizədlə münasibətləri daha yaxşı olur.