Azərbaycanda müharibə üçün qan ehtiyatı toplanır

6 Dekabr 2012 16:00 (UTC+04:00)


"Hər bir insan bilməlidir ki, hansısa xəstəyə dövlət tərəfindən qan verilə bilməz. Bu qan insanlardan toplanır və lazım olan xəstələrə vurulur.

Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında hər zaman ehtiyat qan mövcuddur". Bunu APA-ya açıqlamasında institutun direktoru Sultan Əliyev son vaxtlar qan çatışması və qanın xəstələrə vaxtında verilməməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O bildirib ki, bəzən talassemiyalı xəstələr qanın vaxtında verilməməsindən şikayətlənirlər: "Lakin onlar bilməlidirlər ki, talassemiyalı xəstələr üçün xüsusi qan seçilir. Ola bilsin ki, 3 qandan biri və ya 100 qandan biri onlara düşsün. Bəzən bu proses 1-2 günə çəkir".

S. Əliyev onu da əlavə edib ki, bu gün Mərkəzi Qan Bankında müharibə üçün əhəmiyyətli strateji qan ehtiyatı toplanır. Azərbaycanın müharibə şəraitində olduğunu deyən S. Əliyevin sözlərinə görə, strateji qan ehtiyatı Mərkəzi Qan Bankında saxlanılır. Gələcəkdə baş verə biləcək hansısa hadisələr zamanı yalnız bu qandan istifadə oluna bilər.

AzNews.az