Yayayış binalarında radon qazı ölçülür

6 Dekabr 2012 16:17 (UTC+04:00)


Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti və AMEA Geologiya İnstitutunun alimləri Azərbaycan ərazisində radon qazının yayılması ilə əlaqədar lahiyənin ikinci mərhələsinə başlayıb.

"Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi" adlı layihənin tədqiqatları İsveçrə Elm Fondunun dəstəyi ilə aparılır, ölkədə radonun miqdarının anomal olduğu ərazilər təyin olunur.

Xatırladaq ki, Azərbaycan ərazisində radonun aktivlik xəritəsi tərtib olunub. Xəritəyə görə ölkə ərazisində radon qazının paylanması nəticəsində ekoloji təmiz və texnogen pozulmuş ərazilər aşkar olunub.

Layihənin məqsədi tikililərdə, xüsusən də yaşayış binalarında radonun ziyanını minimuma endirməkdir. Hazırda İsveçrədən radon qazını təyin edən "Radon Scout Plus" adlı elmi tədqiqat avadanlığı gətirilib. O, bir neçə saata radonun qatılığını təyin edə bilir. Evlərdə radon qazı aşkar olunarsa ventilyasiya, hava çəkən boru və bu kimi digər təmizləmə qurğuları quraşdırılacaq.

Geologiya İnstitutunun Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Əliyev bildirib ki, hazırda alimlər radon qazının mənbələrini təyin etməyə çalışırlar. Tədqiqatlar zamanı radonun qarşısını almaq üsulları təyin olunacaq.

Qeyd edək ki, radon Yer kürəsində geniş yayılıb. O, əsasən yerin dərinliklərindəki tektonik çatlar vasitəsi ilə yerin səthinə çıxır, döşəmələrdəki çatlar, kanalizasiya, su və qaz borularından isə tikililərə sızaraq orada toplanır. Bu qaz normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri arasında siqaretdən sonra ikinci yeri tutur.

Elnarə Əlosmanqızı
AzNews.az