Səhlab Bağırov müxalifətə xəbərdarlıq etdi

7 Dekabr 2012 12:10 (UTC+04:00)


Bakı polisi İctimai Palatanın Milli Məclisin qarşısında razılaşdırılmamış aksiya keçirməsinə imkan verməyəcək. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov bildirib.

S. Bağırov qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: "Biz lazımı tədbirlərimizi görəcəyik. Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, qarşısı alınacaq".

Qeyd edək ki, İctimai Palata dekabrın 10-da saat 12.00-da Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın müraciətinə mənfi cavab verib. İctimai Palata isə parlamentin qarşısında aksiya keçirməkdə israrlı olduqlarını bəyan edib.

AzNews.az