Mərkəzi Bankın bu səlahiyyətləri ləğv olundu - Yenilənib

24 Noyabr 2016 11:19 (UTC+04:00)

APA-nın məlumatına görə, dəyişiklik Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən sosial yardımın təyinatı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatlarla bağlıdır. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların elektron formada əldə edilməsi məqsədi ilə Mərkəzi Bankın da informasiya ehtiyatlarından və sistemlərindən istifadə edib. Dəyişikliyə əsasən, bundan sonra bu məqsədlə Mərkəzi Bankın deyil, Maliyyə Bazarlarına Nəzarət Palatasının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycan ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdir. Ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi və ailə üzvünün olduğu yerin məlum olmaması səbəbləri sosial yardım almaq hüququ yaradır.


***
09:20


Nazirlər Kabineti "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları"nda dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Qaydalar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsinin ümumi mexanizmini və şərtlərini müəyyən edir.

Dövlət Xidmətinin təklifi əsasında layihələrin maliyyələşdirilməsi üçün regional strukturu və regional əhatəsi nəzərə alınmaqla, regionlar üzrə müvəkkil kredit təşkilatlarının seçilməsi Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası tərəfindən qanunvericiliyə uyğun qaydada həyata keçirilir. Vəsaitlərin istifadə istiqamətləri, müddəti və şərtləri müəyyən olunmuş qaydada müvəkkil kredit təşkilatları ilə Dövlət Xidməti arasında bağlanan müqaviləyə əsasən tənzimlənir. Hər bir müvəkkil kredit təşkilatı üçün 1000000 manat həcmini aşmamaq şərtilə ilkin kredit xətti müəyyən edilir. İlkin və növbəti kredit xəttinin həcmi müvəkkil kredit təşkilatının sifarişi əsasında Müsabiqə Komissiyası tərəfindən müəyyən edilir.

Müvəkkil kredit təşkilatları vasitəsilə kreditləşdirilən layihələrin məbləği həmin kredit təşkilatlarının məcmu (ümumi) kapitalı qədər ola bilər. İndiyə qədər kredit ittifaqlarının cəlb etdiyi vəsaitin həddi Milli Bank tərəfindən təsdiq edilmiş kredit ittifaqlarının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında qaydalarına uyğun müəyyən edilib. Qaydaya edilən dəyişikliyə əsasən bundan sonra kredit ittifaqlarının cəlb etdiyi vəsaitin həddi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş kredit ittifaqlarının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında qaydalarına uyğun müəyyən ediləcək.

AzNews.az