Fazil Mustafa: “Titullar ləğv olunmalıdır”

10 Dekabr 2012 12:25 (UTC+04:00)


"Mədəniyyət sahəsində ciddi islahata ehtiyac var"

Millət vəkili Fazil Mustafanın AzNews.az-a müsahibəsi

- Fazil bəy, neçə gündür ki, sosial şəbəkələrdə "Bu şəhərdə"nin Rəfael və Coşqununu tənqid hədəfi seçmisiniz. Bu günsə Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Hacıbala Abutalıbova müraciət edəcəyiniz gündəmə gəldi. Sizcə, bu məsələdə atdığınız addım gec deyil?

- Ola bilsin ki, gec olsun. Mənim fikirimcə bu məsələ bir az doğru anlaşılmayıb. Mən çox istərdim ki, insanlar atılan hər addımı və edilən təklifi düzgün qiymətləndirsin, analiz edə bilsin. Kimsənin səhnə həyatına, sənətdə oynadığı rollara, hətta onların tamaşaçılarına belə hörmətsizlik etmək fikrində deyiləm. Mən sadəcə, sırf reklam məsələsi ilə bağlı fikrimi demişəm. Onların reklamları cəmiyyətə hörmətsizlik gətirir. Yəni buna görə də həmin reklam çarxlarının yığışdırılması vacibdir. Lakin bu anlayışla qarşılanmadığına görə, mən məcbur olub başqa üslubdan istifadə etdim. Çünki bütün hallarda insanların sənət və şəxsi həyatı bizi bir o qədər də maraqlandırmır. Hərə öz seçimində sərbəstdir. Və bu hüquqi cəhətdən də onların haqqıdır. Aktyorlar istədikləri kimi özlərini təqdim edə bilərlər. Amma bu reklamlar ki, bütün günü bizim, yəni bütövlükdə cəmiyyətin gözünün qarşısındadır, insanların birbaşa zövqünə, həyatına müdaxilə rolunu oynayır, deməli, biz də fikrimizi deməliyik. Reklam haqqında qanunda birbaşa göstərilir ki, müəyyən milli-mənəvi dəyərlərə uyğun olmayan, səhhət üçün zərərli olan məsələlərin reklamına yol verilmir. Yəni belə bir hal var. Mən hesab edirəm ki, bunu nəzərə alan hər bir şəxs belə bir müraciətə üstünlük verər. Yoxsa mənim hansısa bir aktyorla, sənət camiyəsi ilə hər hansı bir narahatçılığım yoxdur. Əslində, mən onların hansısa qınaq hədəfinə gəlməsini də doğru hal hesab etmirəm. Burada hansısa şirkətin özünün də müəyyən mənada günahı var. Həmin şirkətlər Azərbaycanda uzun illər fəaliyyət göstərməyinə baxmayaraq, cəmiyyətin özünə belə hörmət göstərməmişlər. Bu cür reklamın çəkilişinin sifariş verilməsi sadəcə, biabırçılıqdır. Biz buna nə göz yuma, nə də susa bilərik.

- Deyirsiniz ki, aktyorlar özlərini istədikləri kimi təqdim edə bilərlər. Ümumiyyətlə, kişi aktyorun qadın paltarında səhnəyə çıxmasına necə baxırsınız?

- Buna mənim münasibətim mənfidir. Amma bu mənfi münasibətin onların sənətinə, işinə müdaxilə etməyimə əsas vermir. Mən hüquqşünasam. Hər halda öz mövqeyimi, münasibətimi yaxşı bilirəm. Bu onların özünün seçimidir. Əgər böyük bir auditoriya varsa, tamaşaçılar tamaşalarına gəlirsə, sarayı doldura bilirlərsə, bu o demək deyil ki, onlar bütün insanlara, cəmiyyətə özlərini reklam formasında təqdim etməlidirlər. Bu yolverilməzdir. Qapalı bir auditoriyada, yaxud da televiziyada verirlərsə, mən ona baxmaya bilərəm. Amma ictimai nəqliyyatdan istifadə edirlərsə bu başqa məsələdir. Hansı nəqliyyat vasitələrinə baxırsansa onların qadın paltarındakı reklam şitləri gözümüzə girir. Hər halda bu çəkilişləri görənlər xoş hisslər keçirmirlər. Bu baxımdan mən bunu sadəcə təklif etdim. Dedim ki, bunu reklam çarxlarından yığışdırın. Amma baxdım ki, olanlardan nəticə çıxarmaq əvəzinə, bunu lağlağıya çevirməyə çalışdılar. Hər halda bu onlar tərəfindən yalnış bir addım idi. Mən problemin hüquqi zəmində çözülməsinə üstünlük verdim. Hətta bəzən onların oynadığı rolların da müsbət tərəfləri var. Bu isə kökündən yanlış addımdır.

- Yəni son olaraq, təklifiniz nədir?

- Üzr istəyib, bu addımdan imtina etmək lazımdır. Burada qəbahət nə var ki. Mən onlardan bu addımı gözləyirəm. Məncə onlar kişi paltarında da reklama çəkilə bilərlər. Bəlkə də onlar kişi paltarında reklama çəkilsəydilər daha çox pul qazana bilərdilər. Qadın paltarındakı reklamdan isə qınaqdan savayı heç nə qazanmadılar.

- Rəfael və Coşqunun qadın paltarı geyinməsindən 10 ildən çox vaxt keçir. Bu müddət ərzində siz onları Bakının küçələrini bəzəyən reklam şitlərində qadın libasında görməmisiniz?

- Mənim diqqətimi təkcə bu deyil, televiziyada yayımlanan reklam çarxları çəkmişdi. Amma sözün doğrusu, mən onları bundan əvvəl qadın paltarında yayımlanan reklamlarını görməmişdim. Yəni rastlaşmamışdım. Rastlaşan kimi səsimi çıxarmağa məcbur oldum. Bu yanlış addımdır. Xüsusilə də belə reklamlar televiziyada tez-tez gözümüzə girdi. Mənim üçün uyğun olmadı. Hətta televiziyanın özündə belə müəyyən mənada üstündən keçmək olardı. Amma bütün şəhərdə bunun yayılması yalnış addım idi. Mən buna münasibət bildirməli idim. Təbii ki, insanlarda belə bir düşüncə var ki, cəmiyyətin özündə yüzlərlə problem olarkən, Rəfael və Coşqunun qadın paltarı haradan yada düşdü? Biz o yüzlərlə hadisəyə də münasibət bildiririk. Sadəcə, əgər insanlar qərəzli, ancaq bizim bildirdiyimiz məsələ olduğuna görə, buna mənfi münasibət bəsləyirlərsə, bu bizim günahımız deyil. Araşdırsalar, axtarsalar görərlər ki, biz cəmiyyət həyatının əksər sahələrinə münasibət bildiririk. Heç nədən də çəkinmədən öz mövqeyimizi əsaslandırmağa çalışırıq. Bu həm də bir vicdan məsələsidir. Bu məsələdə bizim hər hansı güzəştimiz yoxdur. Söhbət ictimai- siyası məsələlərdən gedirsə bu addım yanlışdır. Ədəbsiz üslubda üstümüzə gəlmək əvəzinə səhvlərini düzətsələr daha çox əvvəlki münasibəti də bərpa edə bilərlər.

- Millət vəkili Ceyhun Osmanlı isə Facebook-da aktyorların müdafiəsinə qalxıb: "İstənilən halda düşünürəm ki, Rəfael və Coşqun günümüzün reallığında ən istedadlı aktyorlarımız arasındadır. Ona görə də Fazil Mustafanın onları "yığışdırmaq" istəyi düşünürəm ki, bir az sərt oldu, həm də hüquqa ziddir".

- Bu da Ceyhun Osmanlının hüququdur. Amma müdafiəyə qalxmaq hələ əsaslı olmaq demək deyil. Müdafiəyə qalxmaq o deməkdir ki, qadın paltarında reklama haqq qazandırır. Burada iki yanaşma var. Haqq qazandırıram, ya haqq qazandırmıram. Kim buna haqq qazandırırsa bunu da normal hesab edirəm. Əgər cəmiyyətdə narazılıq varsa, onu da eşitmək lazımdır. Bizim yaşadığımız cəmiyyətdə yaşayan insanların böyük əksəriyyəti buna haqq qazandırmır. Haqq qazandıranlar da buyurub müdafiə etsinlər və haqlı olduğunu əsaslandırsınlar.

- Rəfael və Coşqunun tamaşalarında məmurlar tez-tez tənqid olunur. Onları sağlam tənqid hesab etmək olarmı?

- Yox, mən buna çox mənfi baxıram. Onların hər hansı bir şəkildə məna ilə güldürdüyü, gülüş yaratdığı düşüncəsində də deyiləm. Elə epizodlar var ki, xoşagələndir, tam inkar da etmək olmaz. Bu mənim zövqümdür. Onları minlərlə insan bəyənir. Mən tamaşaçıların zövqünə qarşı hər hansı fikirlərimi də ortaya qoya bilmərəm. Bu doğru da sayılmaz. Biz siyasi fəalliyətlə məşğul oluruq. İnsanın mövqeyini tərənnüm edən hər hansı bir məsələyə mövqe bildirməyimiz isə vacibdir. Nöqsanlar, yaxud da onların sənətini dartışmaq fikrində deyiləm. Bu hadisədən sonra bir şey aydın oldu. Bəlkə də onların ağıllı ssenaristi olsaydı, onlar cəmiyyət üçün daha böyük fayda verərdilər. Daha səviyyəli, daha xarakterli obrazlar yaradardılar.

- Sabah Milli Məclisdə Mədəniyyət haqqında qanun müzakirəyə çıxarılaçaq. Nə gözləyirsiniz?

- O qanunun bu məsələyə hər hansı bir aidiyyatı yoxdur. Mədəniyyət qanunla tənzimlənmir. Bizdə çox vaxt bunu qanuna salırlar. Mədəniyyət haqqında qanunda kifayət qədər nöqsanlar var. Onları görməməzlikdən gəlmək, bu qanunla məsələləri çözmək düzgün deyil. Sadəcə, Azərbaycan cəmiyyətində mədəniyyət sistemini formalaşdıran institutların inkişaf etdirilməsi, maddi cəhətdən üstünlük qazanması və dəstəklənməsinə ehtiyac var. Bunlar olmadan hər hansı şəkildə süni teatr yaratmaq nəyə lazım? Onlarla teatr və mədəniyyət ocaqları yarandı. Komplekslər tikildi, konsert salonları istfadəyə verildi. Amma ümumi bir dinləyici elitası formalaşa bilmədi. Bunun nəticəsində də xarici ölkədən Cenifer Lopes, yaxud da başqa birini gətirib Azərbaycanda keçici zövq formalaşdırmağa nə lüzum. Bu yetərli deyil. Azərbaycanda mədəniyyət sahəsində xüsusi bir islahata ehtiyac var. Özü də bu ciddi islahat olmalıdır.

- Kimdən və nədən başlamaq lazımdır?

- İlk olaraq bu titullar ləğv olunmalıdır. Mənasız yarışlara, haqsız fərqləndirmə, birini o birisindən üstün tutmaq kimə nə verəcək? Kiçik intriqaların aparılması nəticəsində Azərbaycan mədəniyyəti sıradan çıxır. Mən ümid edirəm ki, bu dəfə mədəniyyət haqqında qanunun müzakirəsində titulların paylanmasına son qoyulacaq.

Bahar Rüstəmli
AzNews.az