Sürüşmə sahələrindəki intensivlik maksimum həddədir - Azərbaycanda

5 Dekabr 2016 15:55 (UTC+04:00)

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib. Onun sözlərinə görə, əvvəl təhlükəli zonalarda 5-7% sürüşmə prosesi olurdusa, indi bu rəqəm 10%-ə yaxınlaşır. Ölkədəki sürüşmə sahələrində intensivliyin son günlərdə çox yüksək olduğunu deyən E.Əlizadə qeyd edib ki, bu proses təhlükəli zonaların xeyli hissəsində baş verir və genişlənir: "Azərbaycanın Qobustan, Şamaxı, İsmayıllı, Ağsu rayonlarında aktivlik müşahidə edilir. Bu proses yollarda da qeydə alınır. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də (Ağsu aşırımda ) həm sürüşmə, həm də uçqunlar mövcuddur. Xızı-Altıağac yolunda vəziyyət əvvəlkindən fərqli olaraq xeyli gərgindir. Orada da bir çox sahədə həm sürüşmə, həm də sürüşmə-uçqunlar müşahidə olunur. Quba-Xınalıq yolunda vəziyyət gərgindir. İsmayıllının Basqal, Sulut, Tağlabiyan kəndlərindəki sürüşmə sahələrində gərginlik var və proses çox sürətli gedir. İsmayıllı və Göyçay çay hövzəsində, Buynuz, İstisu və ona yaxın olan kəndlərdə vəziyyət gərgindir. Siyəzən–Şabran istiqamətində həm yol kənarında, həm də yoldan kənardakı sürüşmə sahələrində intensivlik güclənib. Yardımlı çökəkliyindəki sürüşmələr həm təsərrüfat sahələri, həm də evlərə yaxındır. Lerik-Lənkəran yolundan başqa digər kənd arası yollarda da gərginlik yaranıb. Gədəbəy-Daşkəsən zonasında, Zəyəmçay hövzəsində, Gədəbəy və ona yaxın məntəqələrdə, Daşkəsəndəki dəmir filiz mədəni və Zəylik alumit yatağı ərazisində sürüşmələr var. Ölkədə yağışların yenidən başlayacağını və süxurların həddindən artıq rütubətlə doyduğunu nəzərə alsaq hadisələrin tezliklə sabitləşəcəyini gözləmək olmaz".

Bakıdakı vəziyyətə gəlincə, E. Əlizadə vurğulayıb ki, Zığ, Kərpic zavodu, Günəşli, Masazır ərazisində sürüşmə aktivləşib. Badamdar massivi və Yasamal dərəsinə doğru sürüşmə zonasında fəallaşmanın olduğunu deyən direktor müavini qeyd edib ki, ümumiyyətlə bütün sürüşmə sahələrində intensivlik çox yüksəkdir. Onun sözlərinə görə, temperatur mənfiyə keçmədiyinə görə dağətəyi və düzənlik ərazilərdə bu prosesin hələ bir xeyli davam edəcəyini gözləmək olar.

Qeyd edək ki, bu gün ölkə ərazisinin 25-26%-i sürüşmə üçün təhlükəli zonalardır. Azərbaycanda 350-ə yaxın yaşayış məntəqəsi sürüşmə və yaxud sürüşmə təhlükəli zonada yerləşir.

AzNews.az