“İqtisadi böhranla bağlı diplomatik nümayəndəliklər bağlanmayacaq” – Açıqlama

7 Dekabr 2016 12:25 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzNews.az –a açıqlamasında diplomatik nümayəndəliklərin bağlanmasının gündəmdə olmadığını deyib:

"Qlobal maliyyə-iqtisadi böhranın fəsadları ilə əlaqədar olaraq, digər dövlət orqanlarında olduğu kimi Xarici İşlər Nazirliyinin büdcə vəsaitlərinə qənaət rejimi tətbiq edilir. Bu çərçivədə mövcud şəraitə uyğun olaraq Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərin fəaliyyətlərinin, kadr təminatının optimallaşdırılmasının və onların işinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür."

2017-ci il üzrə büdcə müzakirələri zamanı XİN sisteminə 220 milyon vəsait ayrıldığı bildirilib. Həmin müzakirələrdə bəzi millət vəkilləri öz çıxışlarında vəsaitin azalması nəticəsində gələn il Azərbaycanın xaricdəki bir neçə səfirliyi bağlana və ya birləşdirilə biləcəyini ehtimal edib.

Bahar RÜSTƏMLİ
AzNews.az