Qərib Məmmədov Qəbələ RLS olayından xəbərsizdir

11 Dekabr 2012 11:08 (UTC+04:00)
Qəbələ RLS-lə əlaqədar Rusiya ilə danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Qəbələ Raketdən Müdafiə Kompleksinin (RLS) fəaliyyətinin dayandırılmasından xəbərsiz olduğunu bildirib.

Rusiyanın Qəbələ RLS-nin fəaliyyətini dayandırması ilə bağlı jurnalistlərin komitə sədri Q.Məmmədova ünvanladığı suala cavab belə olub: "Mənim bu məsələdən xəbərim yoxdur".

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi iki ölkə arasındakı münasibətlərin gərginləşməsinin səbəblərindən biri kimi göstərilən Qəbələ RLS-in bağlandığına dair rəsmi Bakıya nota təqdim edib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan danışıqlarda Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirib. Danışıqlar zamanı adıçəkilən stansiyanın icarə haqqı ilə bağlı razılaşmanın əldə olunması mümkün olmayıb. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim edilib.

Vasif Həsənli
AzNews.az