Üzərinə həbs qoyulmuş əmlakın satılmasında yeni qayda

14 Dekabr 2016 19:23 (UTC+04:00)

Apa xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib.

Nazir bildirib ki, dəyişiklik vergi borcunun alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir: "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair qanun layihəsi üzrə icra məmurları tərəfindən icraata qəbul edilən vergi borclarının, habelə geri qaytarılan icra sənədlərinin daima nəzarətdə saxlanılması, icra məmurlarına vergi borclarının alınması ilə bağlı mümkün köməkliyin edilməsi, habelə bu sahədə düzgün uçotun qurulması məqsədilə vergi borcunun alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə icra məmurlarının icraata başlamaq haqqında qərarın surətinin və icra edilməsi mümkün olmadığı üçün geri qaytarılan icra sənədləri barədə məlumatların rəsmi şəkildə aidiyyəti vergi orqanına təqdim etmələri ilə bağlı müddəalar nəzərdə tutulub.

Həmin qanun layihəsinə, icra məmurları tərəfindən dəyəri 5000 manatadək olan əmlakların ticarət şəbəkələrində, o cümlədən elektron ticarət şəbəkələrində satışına dair müddəalar da əlavə edilib".

Qeyd edək ki, qanunun indi qüvvədə olan maddəsinə əsasən üzərinə həbs qoyulmuş dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.

F.Məmmədov əlavə edib ki, "İcra haqqında" qanuna dəyişikliklər qəbul olunsa, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının tez bir zamanda təmin edilməsi, habelə Vergilər Nazirliyi tərəfindən vergilərin vaxtında və tam məbləğdə yığılması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün daha əlverişli şərait yaranacaq.

AzNews.az