Bakıda GUAM PA-nın sessiyası keçirilir

15 Dekabr 2016 14:10 (UTC+04:00)

APA-nın məlumatına görə, sessiyada təşkilata üzv ölkələr – Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın parlamentarları, dövlət rəsmiləri və digər beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak edir.

Azərbaycan tərəfdən GUAM PA-ya sədrlik edən deputat Azər Kərimli qurumun fəaliyyətindən və görülən işlərdən, üzv ölkələrin üzləşdiyi işğal problemindən danışıb.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib ki, GUAM-ın nüfuzu ildən-ilə artır, daha çox ölkə və beynəlxalq təşkilat bu qurumla əməkdaşlığa maraq göstərir: "GUAM regional təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır".

V. Ələsgərov qeyd edib ki, təşkilat region ölkələri arasında dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsinə böyük töhfə verə bilər: "GUAM ölkələrinin həyata keçirdiyi transmilli layihələr Avropanın enerji təhlükəsizliyini təmin edir. Üzv ölkələr bu məsələdə də vahid mövqedən çıxış edirlər və münaqişələrin əleyhinədirlər. Ümidvaram ki, göstərilən səylər öz nəticəsini verəcək və bütün münaqişələr beynəlxalq norma və prinsiplərə uyğun nizamlanacaq".

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxışında GUAM-ın üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrildiyini vurğulayıb. Nazir qeyd edib ki, GUAM təşkilatı üzv ölkələrin ərazisində münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsi üçün vacib rol oynayır. E. Məmmədyarov GUAM üzvlərinin BMT Baş Assambleyasında həlli uzanan münaqişələr üzrə qətnamə layihəsinin irəli sürülməsi ilə bağlı səyləri artırmasının vacibliyinə diqqət çəkib: "Ölkələrin təhlükəsizliyinin və suverenliyinin təmin olunması, beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpası üzv ölkələr üçün həyati əhəmiyyət kəsb edir. Biz münaqişələrin həlli yolunda səylərimizi birləşdirməliyik".

GUAM-ın baş katibi Altay Əfəndiyev isə bildirib ki, GUAM getdikcə daha cəlbedici təşkilata çevrilir və beynəlxalq əməkdaşlığın daha yüksək səviyyəsinə çıxır: "İlkin prioritetləri açıqlamaq istəyərdim. İlk növbədə GUAM ərazisində mövcud münaqişələrin həlli üzrə səyləri birləşdirmək və bu gün bütün dünya ölkələrinin qarşılaşdığı təhlükə və çağırışlara müqavimət göstərmək lazımdır. GUAM regional təşkilat olaraq siyasi platformaya malikdir və bu təşkilat çərçivəsində üzv ölkələr bir çox məsələlərdə, xüsusilə də digər ölkələr tərəfindən üzv ölkələrin ərazilərinin işğal olunması faktı üzrə vahid mövqedən çıxış etməlidirlər".

Daha sonra sessiya mətbuata qapalı davam edib.

AzNews.az