“Hadisəyə görə biz, hamımız məsuliyyət daşıyırıq” – Rəsmi açıqlama

15 Dekabr 2016 15:40 (UTC+04:00)

Bunu bu gün Xəzər dənizində platformanın uçması nəticəsində 10 işçinin itkin düşməsi hadisəsi ilə bağlı Azneft İstehsalat Birliyində keçirilən mətbuat konfransında birliyin baş direktorunun birinci müavini Balamirzə Rəhimov bəyan edib.

Balamirzə Rəhimovun sözlərinə görə, esdakada 1978-ci ildə tikilib. Platformada müntəzəm olaraq təmir işləri aparılıb, soncu təmir işi isə bu ilin avqust ayında həyata keçirilib: "Platformadakı işçilər gecə-gündüz növbəsində çalışdıqlarına görə, hadisə zamanı kimin harda olmasını demək çox çətindir. Hazırda bir nəfərin - Qafarov İlham Əlihüseyn oğlunun meyiti tapılıb. Axtarışlar davam etdirilir. Əlverişsiz hava şəraiti ilə əlaqədar xilasedicilərin həmin platformaya qalxması mümkün olmayıb. "

Neftçilərin dincəlməsi üçün tikilən köşkün keyfiyyətsiz olması məsələsinə də münasibət bildirən Balamirzə Rəhimov bunun əsassız olduğunu deyib: "Köşkün üstünə günah atmaq lazım deyil, köşk uçmayıb, platforma uçub."

Mətbuat konfrasının sonunda Azneft İstehsalat Birliyinin direktorunun birinci müavini Balamirzə Rəhimov hadisəni hüquq-mühafizə orqanlarının araşdıracağını bəyan edib:

"Bu məsələdə biz, hamımız məsuliyyət daşıyırıq."

Baş vermiş faciəylə bağlı sabah yenidən mətbuat konfransının keçirilməsi gözlənilir.

Bahar RÜSTƏMLİ
AzNews.az