Koroğlu saydığınız adam Keçəl Həmzə çıxdı

19 Yanvar 2013 12:51 (UTC+04:00)
Səhər qapıdan içəri keçən kimi mənə "şad xəbər" verdilər: Rasim Balayev Kinematoqrafçılar İttifaqından istefa verib.

"Şəxsiyyətinə hörmət bəslədiyim Rüstəm İbrahimbəyovun son zamanlar daha çox siyasətə qoşulmasını böyük təəssüf hissi ilə qarşılayır və hesab edirəm ki, çoxminli tamaşaçı sevgisini qazanan bir sənətkar, ziyalı olaraq bu təşkilatı tərk etməli, bütün bacarığımı Azərbaycan mədəniyyətinin, kino sənətinin inkişafına və təbliğinə yönəltməliyəm". Bu da Rasim Balayevin öz bəyanatı.



Mənim üçün gözlənilməz idimi? Xeyir. Üç gün öncə mədəniyyət yazarlarından biri facebook-da mübahisəyə girərək məni Kinematoqrafçılar İttifaqı ətrafında ajiotaja, xüsusən də R. İbrahimbəyov və R. Balayevin açıqlamalarına az diqqət yetirməkdə qınamışdı. Guya az qala şəxsi mirzə kimi bu iki şəxsin arxasınca düşüb ağzından tökülən hər kəlməni kağıza köçürməliydim.



Al, bu da sənin döyüşkən, mübariz, comərd Rasim Balayevin!..



Məni yandıran odur ki, yaşının, ömrünün bu çağında insan artıq ötənləri bir-bir nəzərdən keçirib həyatına qiymət verir, bir növ, hesab-kitab aparır: gördüyü xeyirxah işlərdən nə qədər savab qazanacağını düşünür, günahlarını nələrin hesabına yuya bilib Tanrı Dərgahına üzü ağ çıxa biləcəyini düşünür. Çünki 50 yaşdan sonra ölüm hər zaman astanada durub büdrəməni gözləyir. 60 yaşda artıq onun soyuq nəfəsi qapı aralığından keçib yavaş-yavaş ürəyini üşüdür. 70-ə çataçatda artıq səninlə yol yoldaşı olur, sən hara, o da sənə qənşər...



Bu mənada Rasim Balayevin gözlənilən / gözlənilməz istefası acı təəssüf doğurur. Nədən qorxdu? Körpəsi süddən kəsiləcəkdi, yoxsa pensiya kartı bankomatda ilişib qalacaqdı?



Fikir verin, söhbət sıradan bir aktyordan getmir. Deyək ki, söz yaddaşımızda TV-də "Feniçita" mahnısını əzilib-büzülərək oxuyan Ağaxan Salmanovdan yox, böyük kinoda Babəki, Nəsimini, Cavidi oynamış aktyor haqda deyilir. Ümumilikdə 162 film. Və... 20 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamağı üstün tutmuş, əqidəsindən dərisi soyulmaqla belə dönməmiş, qətiyyətini Sibirin çöllərinin buz soyuğu da sarsıtmamış qəhrəman obrazlarını canlandıran sənətçi. Sadəcə, sənətçi deyil, Xalq artisti. Kağız üzərinə həkk olunmuş fəxri ad. Onun gərək həyati inikası da ola. Yəni xalqın artisti adı. Bu istefadan sonra daha şərəfli olan "xalqın artisti" adı varmı, daha doğrusu qalıbmı?...



Onun böyük kinoda son rolu – Mirzə Fətəli obrazı Rasim Balayevə heç düşərli olmadı. Gördüyü yuxunu da hər müsahibəsində danışırdı: Mirzə Fətəliylə xəyali söhbətini. İndi özünün Kinematoqrafçılar İttifaqından istefa verməsi də çoxlarına yuxu kimi görünür. Yox, bu yuxu, röya deyil. Yatmamısınız, oyaqsız. Sadəcə, sizin Koroğlu saydığınız adam Keçəl Həmzə çıxdı...