Suriya ermənilərinin Qarabağ yolçuluğu

14 Yanvar 2013 10:05 (UTC+04:00)





Suriyada vətəndaş müharibəsinin qurbanları artdıqca, bu ölkədə yaşayan ermənilərin də vəziyyəti getdikcə mürəkkəbləşir. Ata və oğul Əsədin avtoritar rejimlərinə baxmayaraq, ermənilər bu ölkədə uzun illər rahat yaşamış, gəlirli sahələrdə mövqe sahibi olmuşlar. Ancaq indi durum kökündən dəyişib. Suriya da viran qalıb, ermənilərin keçmiş rahatlıqları da yoxa çıxıb. Odur ki, Suriya erməniləri müvəqqəti də olsa başlarını götürüb sığınacaq axtarırlar.



Prezident Serj Sərkisyan dünyada yaşayan hər bir erməninin Ermənistana sığına biləcəyi yer olduğunu açıqlayıb. Ermənistanın baş naziri Tiqran Sərkisyan da Suriya ermənilərinə qucaq açmağa hazır olduqlarını bildirib. O, buna misal olaraq Ermənistanın Gənclər Fondunun 110 suriyalı erməni tələbəyə təqaüt verdiklərini, bunun üçün isə 100 min dollar ayırdıqlarını deyib. Hazırda Ermənistanda 7 min suriyalı erməninin olduğunu vurğulayan baş nazir Ermənistana gələn suriyalı ermənilərə həyatlarını yenidən qurmaları üçün başqa köməkliklər də göstərə biləcəklərini söyləyib. Tiqran Sərkisyan uzağa gedərək, Suriyanı tərk etmək fikrində olan erməni iş adamlarının çalışmalarının Ermənistanda davam etdirmələri üçün onlara münbit şərait yaradacaqlarını bildirib. Görünür, söhbət vergi güzəştlərindən və hansısa kreditlərdən gedir.

Maraqlı vədlərdir. Ancaq Ermənistan prezidenti və baş naziri ermənilərə yaxşı şərait yaratsaydılar, bu illərdə elə öz vətəndaşlarının həyat şəraitlərini normallaşdırardılar. Tam əksinə, Ermənistan boşalmaqda davam edir. Vəziyyət belə ikən, kasıb, taqətdən düşmüş İrəvan Suriya ermənilərə sahib duracağını durmadan vurğulayır.

Hətta İrəvan növbəti dəfə Türkiyəni hədəf götürmək üçün Suriyadakı ermənilər mövzusundan da yararlanmağa çalışır. Təsadüfi deyil ki, ABŞ-dakı erməni lobbisi yeni kampaniyaya start verib. Ermənilər ABŞ prezidenti Barak Obamanın saytını məktub atəşinə tutublar. Məktublarda Türkiyə-Ermənistan sərhədinin açılması üçün Vaşiqtonun Ankaraya təzyiqlərini artırması xahiş olunur. Guya Suriya erməniləri Ermənistana Türkiyə üzərindən keçmək istəyirlər, Ankara isə bunu əngəlləyir.

Göründüyü kimi, İrəvan və erməni lobbisi heç də Suriyadakı ermənilər haqqında deyil, Türkiyəyə təzyiqin artırılması haqqında düşünürlər. Məgər, hazırda Ermənistanda qərar tutan 7 min suriyalı erməni Ermənistana Türkiyə üzərindən keçmişdi ki, o birilərinin də bu marşrutdan istifadə edilməsi tələb edilir? Barak Obama administrasiyasının saytına göndərilən məktublarda Suriyada yaşayan ermənilərin sayı da şişirdilərək 200 min göstərilir. Halbuki, ekspertlər Suriyada 60 ilə 80 min arasında erməninin yaşadığını vurğulayırlar.



Bu rəqəmlər və ABŞ-da başlanan kampaniya Ermənistanın özündə də birmənalı qarşılanmır. Məsələn, millətçi Daşnaksütun Partiyasının liderlərindən biri Kiro Manoyan deyib ki, Suriyada yüz minlərlə erməninin yaşamadığını, onların da Ermənistana köçmək kimi arzularının olmadığını bildirib.



Manoyan haqlıdır. Vətəndaş müharibəsindən qaçan suriyalı erməni üçün ABŞ və Avropa Birliyinə doğru istiqamətlənmək məqbuldur, nəinki heç bir perspektivi olmayan Ermənistanda yerləşmək. Ermənistan prezidenti və baş naziri nə qədər yağlı vədlər versələr də, suriyalı ermənilərin böyük əksəriyyəti bir bataqlıqdan çıxıb, başqa bir bataqlığa yerləşmək istəməzlər.



Buna baxmayaraq, tam çarəsiz qalan ermənilər də var ki, Ermənistanda müvəqqəti məskunlaşmağa razı ola bilərlər. Necə ki, deyilən rəqəmlərə inansaq, 7 mini artıq Ermənistandadır. Məhz bu 7 minin harda yerləşdiriləcəyi sualı Azərbaycanda müzakirə predmetinə çevrilib. Çünki, həmin 7 minin içindən bir qrupunun işğal altındakı Azərbaycan torpaqlarında yerləşdirilməsi xəbərləri var.



Əlbəttə, Ermənistandakı suriyalı erməninin cüzi hissəsinin Dağlıq Qarabağa göndərildiyinə inanmaq olar. Ancaq hətta 5-10 suriyalı ailə belə Dağlıq Qarabağda yerləşdirilibsə, biz artıq həyəcan təbili çalmalı, ATƏT-in Minsk Qrupundan bölgədə monitorinq aparılmasını tələb etməliyik.