Uşaqların dairəsi

8 Yanvar 2013 13:07 (UTC+04:00)
Bizim camaatın saxta uşaq məhəbbətindən yəqin dünyanın başqa heç yerində yoxdur. Yalandan-palandan "Bala bal dadır", "Uşaqlar bizim gələcəyimizdir", nə bilim, "Dövlətdə dəvə, övladda nəvə" kimi sözlər uydurarıq. Ancaq vaxt gəlib tamam olanda İctimai Televiziyanın müdiri dövlətin puluyla xaricdəki tədbirə öz doğma nəvəsini göndərər. Bəli, yanlış oxumadınız, telekanalizasiyanın adı "İctimai" şəklindədir. Bu, bizim uşaqlar haqda ictimai düşüncəmizin güzgüsü olan hadisə idi. Müdir heç utandımı? Qətiyyən. Hələ bu haqda sual verən jurnalistə "Əcəb eləmişəm" söyləyib keçdi.

Hörmət bəslədiyim bir ağsaqqal vardı, dəfələrlə müxalifətin etiraz aksiyalarında görüşmüşdük, söhbətləşmişdik. Onu müsbət insan sayırdım. Bir dəfə avtobusda hələ 3 yaşı olmamış oğlumla gedərkən ağsaqqal da marşruta mindi, görüşdük, ordan-burdan dərdləşib yol gedərkən birdən uşaq dəcəllik, kürlük eləməyə başladı. (Uşaqlarda belə xasiyyət olur – valideynlərinin ancaq onlara diqqət kəsilməsini istəyərlər). Onu sakitləşdirməyə çalışırdım, bu zaman ağsaqqal guya, mənə kömək üçün uşağa nə desə yaxşıdır? Olduğu kimi yazıram: "Sakit dur, yoxsa bu dəqiqə qulağını kəsərəm!"

Necə deyərlər, mədəni şok keçirtdim. Uşağa da belə söz deyilərmi? Ancaq yadıma saldım ki, bu "qulaq kəsmək" Azərbaycanda azyaşlılara qarşı ən çox işlədilən "tərbiyəvi" hədələrdən biridir. O səbəbdən ağsaqqal dostum da bunu təbii şəkildə işlətmişdi, sanki uşağa adi bir söz deyirdi, məsələn, "özünü yaxşı aparmasan atan sənə şokolad almaz" tipində.

Biz uşaqları sevmirik, camaat, hoppanıb-düşməyin, yalan danışmağın xeyri yoxdur. Həyatımızın heç bir sahəsində onları fikirləşməmişik. İctimai nəqliyyatda uşaq arabalarını mindirmək, saxlamaq üçün sıfır şərait var. Ən pis həkimlər uşaq xəstəxanalarında işləyir, ən bərbad müəllimlər ibtidai siniflərdədir, ən pis yeməkxanalar məktəblərin bufeti olur.

Böyük şəhərlərdə, o cümlədən paytaxtda uşaq meydançaları, uşaq əyləncəsi üçün yerlər, məkanlar yox səviyyəsindədir. Sovetin vaxtından qalan həyət, məhəllə futbolu meydançalarını da kəsib, bölüb satmışıq, hamısında dükan-filan açmışıq. Öz həyətimizdə baş verən olay bu mənada örnək ola bilər.

Mənim yaşadığım mənzil 3 ədəd beşmərtəbəli binadan ibarət məhəllədə yerləşir. Bu binalar kiril əlifbasındakı "П" hərfi şəklindədir, ortada isə 100 kvadratmetrə yaxın boş sahə vardı. Sahə uzun müddət yararsız vəziyyətdə qalmışdı, məhəllədəki azyaşlılar burda birtəhər futbol oynardılar. Bir gün camaat su problemi ilə bağlı icra hakimiyyətinə şikayətə gedəndə mən də onlara qoşuldum. Görüş zamanı hakimiyyət nümayəndəsi soruşdu ki, başqa nə probleminiz var, məhəllə ağsaqqalı dedi: "Həyətdə xeyir-şər evi tikilsə yaxşı olar". Mən və bir-iki nəfər etiraz elədik. Dedik o sahədə uşaq oyunları üçün meydança düzəldilməlidir. Sizcə kimi eşitdilər?

İndi bizim həyətdə həmin uzun və mənasız "xeyir-şər evi" göz çıxardır. İldə məhəllədə 4-5 adamın yas mərasimi olar, ya olmaz. Qalan vaxtlarda bina boş qalır. Uşaqların oynamağı üçünsə artıq yer yoxdur. Bəyəm o axmaq tikintinin yerində süni örtüklü mini-futbol sahəsi düzəltmək olmazdı? Yox. Çünki hər yerdə belədir. Bakının hər yerində uşaq meydançalarının yerində yas binaları qayırırıq. Ki, ağsaqqallar rahat ölsünlər, "üç, yeddi, qırx və il" mərasimlərinin komfort şəraitdə keçiriləcəyinə arxayın olsunlar, camaatın çadırda-filanda əziyyət çəkəcəyini düşünüb qəbirdə qurcuxmasınlar. Bax, budur sizin uşaq məhəbbətiniz... Hər sahədə ölüləri fikirləşən xalqın, "uşaqlar bizim gələcəyimizdir" deməsi saxtakarlığın, ikiüzlülüyün nümunəsidir.

Və narahat olmayın, yoldaş ağsaqqallar, uşaqlar heç nəyi unutmurlar, onların yaddaşı çox möhkəm olur. Freyd demişkən, hər kəsin gələcəyi 5 yaşına qədərki dövrü ilə müəyyənləşir. O üzdən, uşaqlar da böyüyüb ağsaqqalların qulağını kəsirlər. Qulağı kəsilənlər çox olduğundan daha adamlar bir-birinin sözünü eşitmir.

Dairə belə qapanır.