XXI əsrin ən dəhşətli səfir qətlləri

20 Dekabr 2016 15:18 (UTC+04:00)

AzNews.az fövqəladə və səlahiyyətli səfirlərə qarşı ən səs-küylü hadisələri təqdim edir:

2012-ci il sentyabrın 11-də ABŞ-ın Liviyadakı diplomatik nümayəndəliyinə hücum təşkil edilib və səfir Kristofer Stivens öldürülüb. Radikal islamçılar ABŞ-da "İslamın məsumiyyəti" adlı filmin nümayiş olunmağına etiraz edərək səfirliyi darmadağın ediblər.



2012-ci il iyulun 27-də Venesuelanın Keniyadakı səfiri Olqa Arelis Fonseka Himenes Nayrobidə yerləşən iqamətgahında boğularaq qətlə yetirilib. Qətl səfir vəzifəsinə başladıqdan 12 gün sonra törədilib.



2008-ci ildə İslamabadda Marriott otelində təşkil olunan terror aktı zamanı Çexiya səfiri İvo Jdyarek öldürülüb. Həmin vaxt partlayışa görə məsuliyyəti Əl-Kaidə öz üzərinə götürüb.



Bu hadisədən 3 il əvvəl, 2005-ci ildə İraqda cihadçılar eyni zamanda iki səfiri – Əlcəzirə və Misirin səfirlərini oğurlayıblar. Daha sonra hər iki səfir qətlə yetirilib.

2003-ci il dekabrın 29-də Burundidə Vatikan səfiri Maykl Aydan Kortni qətlə yetirilib. Onun avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub.

2003-cü il martın 28-də Kot-dİvuarda Səudiyyə Ərəbistanının səfiri Məhəmməd bin Əhməd əl-Rəşid öldürülüb.

Andrey Karlovun ölümü tarixi daha qədim vaxtlara gedən başqa bir cinayəti – Aleksandr Qriboyedovun qətlini xatırladıb. 1829-cu ildə Rusiyanın İrandakı səfirliyinə hücum təşkil olunub. Nəticədə 38 nəfər öldürülüb. Onların arasında şair və diplomatik nümayəndəliyin rəhbəri Qriboyedov da olub.



Ümumilikdə Karlov tarixdə öldürülən 4-cü rusiyalı səfirdir. Belə ki bundan əvvəl 1829-cü ildə Aleksandr Qriboyedov (Tehran), 1923-cü ildə Votslav Vorovski (Lozan), 1927-cü ildə Pyotr Voykoy (Varşava) qətlə yetirilib.

Aydan AXUNDOVA