“İrana dəfələrlə müraciət edilsə də...” - Deputat

20 Dekabr 2016 16:55 (UTC+04:00)

Bunu APA-ya açıqlamasında millət vəkili, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasiminin İsrail baş naziri Binyamin Netenyahunun Azərbaycana səfərinə mənfi münasibət bildirməsini şərh edərkən deyib.

Millət vəkili deyib ki, Azərbaycan İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır: "Bu iki ölkə arasında qarşılıqlı-faydalı münasibətlər eyni zamanda dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir. Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Halbuki İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, bu günə kimi Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxılmayıb".

E. Nəsirov qeyd edib ki, Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir: "İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. İsraillə yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir. Belə ki, dünya miqyasında tanınan yəhudi lobbi təşkilatları qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərir. Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərin də böyük rolu var. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır. Azərbaycanlılar ölkədə yaşayan yəhudilərə heç zaman özgə kimi baxmayıblar, yəhudilər də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayıblar. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi əsilli şəxs olub. Azərbaycan əsilli İsrail vətəndaşları hazırda iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verirlər. Azərbaycanın İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də model ola bilər. Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır. Onu da xatırladım ki, 2012-ci ildə Azərbaycan BMT Baş Məclisində Fələstinə daimi müşahidəçi statusu verilməsinin lehinə səs verib. Fələstinin Azərbaycandakı səfirliyi də Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir".

AzNews.az