Fazil Mustafa: “Yeni bir qan, yeni bir nəfəs lazımdır...” – YENİ LAYİHƏ

16 Yanvar 2013 00:49 (UTC+04:00)
AzNews.az-ın yeni layihəsi - Siyasi kulisdən görünən mədəni səhnəyə başladıq. Layihənin ilk qonağı son günlər Azərbaycan mədəniyyəti ilə bağlı ötkəm danışan millət vəkili Fazil Mustafa.

- Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinizdən sonra paytaxt küçələrində "Bu şəhərdə"nin aktyorlarının qadın paltarındakı reklam şitləri yığışdırıldı. Mədəni mühitdə daha hansı problemin müzakirəyə ehtiyacı var...

- Müxtəlif sahələrdə olan problemlərlə bağlı millət vəkillərinin münasibətləri vaxtaşırı istər mətbuatda və istərsə də "facebook" sosial şəbəkələrimizdəki səhifələrdə tərəfimizdən ifadə olunur. Amma konkret olaraq, hansı vəziyyət cəmiyyəti daha çox maraqlandırırsa, narahat edirsə, ona daha çox diqqət yetirilir.

- Məsələn...

- Əsgər ölümü ilə bağlı məsələ bu gün daha aktualdır. Ona görə də bütün diqqət ona yönəlib. Mədəniyyət məsələlərinə gəlincə isə, bizə gələn təkliflər, cəmiyyətdə doğuran narazılıqlarla bağlı hər hansı bir hadisələrlə dərhal öz mövqeyimizi ortaya qoymağa hazırıq. Açığını, deyim ki, mən bu məsələnin cəmiyyətdə bir az da yanlış anlaşılmasının tərəfdarı deyiləm. Xüsusilə də aktyorların hər hansı bir şəkildə fəaliyyətinə qarışmıram. O günü "Planeta Parni iz Baku"nun ifasında mərhum sənətkar Rəşid Behbudovun yaradılan obrazı intellektual bir tamaşa idi. Sözün düzü, mən o tamaşanı çox yüksək qiymətləndirdim. Hesab edirəm belə formada cəmiyyətə daha faydalı mesajlar vermək daha uyğun olar. O şeylər ki, etik qaydalara, müəyyən dərəcədə uyğun deyil, müəyyən dərəcədə cəmiyyətdə pis tendensiyalar formalaşdırır, ona qarşı da həmişə çıxmaq lazımdır. Əslində buna görə də hansısa bir qərəzli, yaxud da aktyorların fəaliyyətinə kölgə düşürmək məqsədi ilə edilmədiyini vurğulamağa çalışıram. Bunun həll olunması da müsbət bir haldır. Bu o deməkdir ki, Azərbaycan cəmiyyətində müəyyən məsələlər var ki, orada bir az da olsa, qırmızı işığı keçmək olmaz.

- Sözlərinizdən aydın olur ki, teatrı, səhnəni mütəmadi izləyirsiniz. Ümumiyyətlə, teatra gedirsiniz?

- Elə də yox. Hərdən, dəvət olunanda.

- Vaxtınız yoxdur, yoxsa, bu günün teatrı, səhnəsi sizi qane etmir?

- Teatr məni cəlb etmir.

- Niyə?

- Çünki teatrda qoyulan tamaşaların ümumi səviyyəsi xeyli aşağıdır. Məncə müasir dövrdə Azərbaycanda mənim arzuladığım formatda olan teatr sistemi ortadan bir qədər qalxdı. Xüsusilə də YUĞ teatr ənənəsini daha yüksək qiymətləndirirdim. O da son vaxtlar baş verən hadisəyə, xüsusilə də mərhum Vaqif İbrahimoğluna görə, bu ənənə artıq dayandı. Amma hər halda mən YUĞ tipli, daha yenilikçi teatr anlayışının tərəfdarıyam. Köhnə tamaşaların hər hansı bir məcburi şəkildə bu günə təqdim olunmasının effekti yoxdur. Çünki yeni yaradılan əsərlər də açığı cəmiyyətdə kifayət qədər silkələnmə yarada bilmir. Bunun özü bir dəhşətdir. Bu gün texnologiya, kino sənəti inkişaf edir. Nə qədər ki, biz quru pafosdan xilas olunmamışıq, insanlar teatrdan zövq ala bilməyəcəklər. Məncə bunu dəyişmək lazımdır. Sadəcə, bu gün teatrın binasını saxlamaq, aktyorların müəyyən dərəcədə fəaliyyətinin davam etməsi üçün teatr yaşayır. Amma teatr yeniliyin bir təcəssümü olaraq, hələ ki, özünü təsdiq edə bilmir. Mən bunu bütün teatrlara aid edirəm. Teatrda bir dəyişiklik olmasa, onlar səhnələrinə tamaşaçı cəlb edə bilməyəcəklər.

- Sirr deyilsə, sonuncu dəfə hansı tamaşada olmusunuz?

- Hüseynbala Mirələmovdan dəvət gəlmişdi. Getdim. Sonra isə bu dəvət Firuz Mustafadan gəldi.

- Deyirsiniz ki, cəmiyyətdə baş verən məsələlərə münasibət olmalıdır. Amma Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist İlqar Cahangir məhz yenilikçi fikirlərinə görə, teatrdan qovuldu. Millət vəkillərindən biri belə onun müdafiəsinə qalxmadı...

- Belə hallara münasibətim ümumi Azərbaycan tendensiyasına uğun olan bir hal kimidir. Bundan əvvəl Azərbaycanda istedadın ortaya çıxması üçün insanlar mütləq Moskvaya getməli idi. Diqqət etmisiniszə keçmiş sovetlər dövründə insanlar Moskvada tanınıb gəlirdi. Məsələn, mərhum sənətkar Qara Qarayev Moskvada təhsil alıb, orada məşhur olub sonra Azərbaycana gəlmişdi. Yaxud da Üzeyir Hacıbəyova Stalin deməli idi ki, "bu dəyərli adamdır". Yaxud da Müslim Moqamayev... Rusiyada böyük bir sənətkar kimi səsini təsdiq edib sonra azərbaycanlılar deməli idi ki, "o böyük sənətkardır". Bu Azərbaycan sisteminin illərdir yaratdığı bir mühit və abı-havadır. Ona görə də İlqar Cahangirin teatrdan qovulmasını normal qarşılayıram. Hələ onu yolda döyməyiblər, sonra müəyyən mənada, bütün həyatını ağır bir sıxıntıda saxlamayıblarsa, şükür etsin... Çünki bu Azərbaycan cəmiyyətində sənətə qiymət vermək üçün dövlət tərəfindən mütləq bir addım atılmalıdır ki, insanlar desin: həqiqətən filankəs yaxşı sənətkardır. Bu bizim ciddi nöqsanımızdır. Görünür ki, İlqar Cahangir də bunun qurbanı olub.

- Belə "qurbanlar" müəyyən müddətdən sonra teatra qayıdarsa, o, Azərbaycan səhnəsinə, tamaşaçısına nə verə bilər?

- Bu sənət elədir ki, hər halda sona kimi dirəniş göstərib ayaqda durmaq lazımdır. Və özünü təsdiq etməlisən. Əks halda kimdənsə küsərək, inciyərək hər hansı bir məsələni narazılıq fonunda geri çəkilməyə bağlamaq doğru deyil . Adam öz sənətinin nə qədər dəyərli, ustası olduğunu isbatlamalıdır. Çalışmalarını davam etdirməlidir. Yüzlərlə belə hallar olub ki, yaxşı sənətkarları uzun müddət sıxışdırıblar. Onlar üçün uzun müddət dözülməz vəziyyət yaradıblar. Amma sonradan onlar öz rolunu təsdiq ediblər.

- Siyasi kulisdən mədəni səhnə necə görünür?

- Hər halda Azərbaycan mədəniyyəti və incəsənəti çox aşağı vəziyyətdədir. Azərbaycana yeni bir qan, yeni bir nəfəs lazımdır. Nə musiqidə, nə ədəbiyyatda, nə də rəssamlıqda şedevrlərin yaranması illərdir ki, baş vermir. Bunun da əsas və böyük səbəbi var.

- Səbəbləri açıqlaya bilərsiniz?

- Dövlətin mədəniyyət siyasəti ağıllı siyasət deyil. Bu dövlətin mədəniyyət siyasəti sadəcə, mədəniyyət xadimlərinin yaşaması, bir-birindən fərqləndirilməsi, ideoloji xarakterə görə seçilməsi üçün müəyyən olunan bir siyasətdir. Halbuki, bu siyasət belə olmamalıdır. Mənə elə gəlir ki, 10-15 il öncənin Alim Qasımovu populyardır. Bizim bir Alim Qasımovumuz var. Yeniləşdirən, yeni gələn adamlar hələ ki, üfüqdə görünmürlər.

- Bəs, sənət adamlarının idarəçiliyi, özünü aparmaları necə...

- Bilirsiniz, burada müstəqillik yoxdur. Hər bir məmurun, yaxud da sahibkarın himayəsində bir sənətkar, müğənni var. Bunlara xüsusi imtiyaz verilir. Yerdə qalanlar hansısa mühitin içində özlərini təsdiq eləmək üçün mütləq başqa yollara əl atmalı olurlar. Səsdən, istedaddan daha çox müəyyən dəstək amili ilə hərəkət eləmək cəhdindədirlər. Bu da əslində onların müəyyən dərəcədə təhsil gücünü azaldır. Azərbaycanda mədəniyyəti, sənəti bir az da olsa rəqabətə buraxmaq lazımdır. Dövlətin həddən artıq müdaxilə eləməsi istedadsızların daha çox irəli çıxmasına səbəb olur. İstedadsızlara daha çox şərait yaradılmasına imkan verir. Hər halda kifayət qədər peşəkar təhsilin də rolu önəmlidir. Təhsil sistemi xeyli aşağı düşüb. Mən hesab edirəm ki, bu gün Azərbaycanda konservatoriya təhsili çox yüksəkdir. Vaxtilə bu sistemi Bakıdan köçüb getməmiş yəhudi müəllimlər edirdi. Onların çoxu köçüb getdilər. Yaxşı tələbə hazırlamaq imkanları məhduddur. Bunun sonu da mədəni mühitin faciəsidir.

- 65 yaşdan sonra sənət adamlarının mədəniyyət ocaqlarından qovulmasına necə baxırsınız?

- Qətiyyən. Ümumiyyətlə, sənətdə yaş məsələsi doğru deyil. Yəni, 16 yaşında bir musiqiçi gözəl dünya şöhrətli sənətkar ola bilər. 70 yaşında isə bir sənətkar öz bilik və bacardığını paylaşa və dövlətə daha böyük faydalar verə bilər. Bunu başqa sahənin məmurlarına da aid eləmək olar. Hətta mən müəllimlər arasında da bunun qoyulmasının əleyhinəyəm. Çünki təcrübə və biliyin yaşı olmur. İnsan 75 yaşında da kifayət qədər sanballı əsərlər ortaya qoya bilər.


Bahar Rüstəmli
AzNews.az