Dövlətə məxsus ehtiyat fondlarından maliyyələşmənin qaydaları dəyişir

23 Dekabr 2016 14:57 (UTC+04:00)

APA-nın məlumatına görə, bununla bağlı "Büdcə sistemi haqqında" qanunun 6.6-cı maddəsinin ləğv edilməsi təklif edilir.

Ləğv edilməsi təklif olunan maddə belədir: Bu qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər.

Xatırladaq ki, yuxarıda qeyd olunan qanunun 6.2 maddəsində bildirilir ki, dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5%-dən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir. 6.3 maddəsində isə deyilir ki, Azərbaycan prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2%-dən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Azərbaycan prezidentin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə prezidentin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.

Maddənin ləğvi ilə bağlı layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.

AzNews.az