“Azərbaycanda kimin əlinin kimin cibində olmasını hamı görür” - REAKSİYA

21 Yanvar 2013 12:39 (UTC+04:00)


"Ölkədə hakimiyyət bəzi qabaqlayıcı tədbirlər planlaşdırır. Bu tədbirlərdən biri də seçkidə "radikal namizəd" layihəsidir. İddialara görə, "radikal namizəd" seçki ərəfəsində və seçki dövründə hakimiyyət əleyhinə ənənəvi müxalifət liderlərindən də sərt, bəzi hallarda isə təhqiramiz bəyanatlar verməklə protest elektoratın etimadını qazanmaqla səslərin parçalanmasına nail olmalıdır".

Bunu "Yeni Müsavat" qəzeti bugünkü sayında yazıb. Qəzetin iddiasına görə, bu rol tanınmış QHT rəhbərlərindən birinə tapşırılıb: "Bu şəxsin normal xarici əlaqələri və müxalifətlə sıx təmasları var, Yəni "radikal namizəd" həm də Qərbin dəstəklədiyi namizəd görüntüsünü yarada biləcək. Mənbənin bildirdiyinə görə, layihənin maliyyə dəstəyi fövqəladə hallar naziri Kəmaləddin Heydərova tapşırılıb".
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu AzNews.az-a adıçəkilən layihəyə münasibət bildirərkən deyib ki, bu ya hakimiyyət daxilində kompromat savaşıdır, ya kimlərisə qaralamaq məqsədi güdür, ya da yeni müzakirə mövzusu açmaqdır: "Bu o qədər absurd bir şeydir ki, bunu şərh etmək olmur. Yalançı, arxasında kimlərinsə dayandığı, hansısa layihə kimi ortaya atılan müxalifət heç vaxt xalq tərəfindən qəbul edilməyəcək. Çünki Azərbaycan çox balacadır, kimin əlinin kimin cibində olmasını hamı görür. Hələ ad da çəkmirlər. Ümid edirik ki, bir azdan onu da açıqlayacaqlar. Təbii ki, adı çəkilənlər öz cavablarını verəcəklər. Əvvəla, nəzəri cəhətdən belə bir layihənin ortaya atılacağına inanmıram. Bunu atacaqlar ortaya 2-3 nəfər təkrarlayacaq, müəyyən müddətdən sonra hər şey aydın olacaq. Bu, çirkli texnologiyalar seriyasındandır. Belə bir ideya varsa, son nəticədə uğursuzluğa düçar olacaq. Bu cür piarın əks effekti ola bilər. Hakimiyyətin bu layihəsi kimlərisə qaralamaq məqsədi güdürsə, deyim ki, müxalifətdəkilərin hakimiyyətdəkilər haqqında deməyə daha çox sözləri var".

Azərbaycandakı prosesləri proqnozlaşdırmağın çətin olduğunu deyən politoloq qeyd edib ki, ölkədə proseslər sistemdən kənar gedir, ictimai-siyasi münasibətlər sistemi yoxdur: "Proseslər spontan davam edir. Hələ bir il əvvəl demişdik ki, Azərbaycanda spontan, xaotik proseslər gözlənilir. Bu, artıq, başlayıb. Ona görə seçkilərlə bağlı hansısa proqnoz vermək istəməzdim. Proqnozları normal ictimai-siyasi münasibətləri olan ölkələrdə verirlər. Burada nəyə proqnoz verəsən? Bir yerdə ki, hər kəs özünə ağadır".

İlkin
AzNews.az