İkinci Qarabağ müharibəsinə saatlar qalıb?

21 Yanvar 2013 17:08 (UTC+04:00)


Ermənistan işğalda saxladığı Xocalı aeroportunu istifadəyə verəcəyi barədə bir il əvvəl ictimaiyyəti məlumatlandırsa da, hələlik ortada real fəaliyyət yoxdur. Doğrudur, ermənilər Xocalı aeroportunda yenidənqurma işləri aparıb və demək olar ki, hava limanı istifadəyə yararlı hala gətirilib. Ondan nə vaxt istifadə ediləcəyi bəlli olmasa da, Xocalı aeroportundan reallaşdırılacaq ilk uçuşun sərnişini Ermənistan prezidenti olacaq. Bunu erməni dövlət başçısı Sərkisyan elə bu məsələnin gündəmə gətirildiyi ilk günlərdə bəyan etmişdi.

Məsələyə rəsmi Bakının reaksiyası daha sərt olmuş və Ermənistanın belə bir cəhdinin cavabsız qalmayacağı bildirilmişdi. Elə həmin günlərdə bəyan olundu ki, Azərbaycanın "Mülki aviasiya haqqında" qanunu var və Nazirlər Kabineti də qanunun icrası ilə bağlı xüsusi qərar qəbul edib. Yəni, qeyd olunan qanunun tələblərinə əməl edərək Azərbaycanın hava məkanını pozan təyyarə vurulacaq. Nəzərə alsaq ki, Ermənistan Xocalı hava limanından istifadə edəcəyini, Azərbaycan isə hava məkanını icazəsiz pozacaq uçuş reallaşarsa adekvat cavab verəcəyini bildirir. O zaman bu, ikinci Qarabağ müharibəsinin başlaması üçün bəhanə ola bilərmi?

Politoloq Rüstəm Məmmədov AzNews.az-a bunun mümkün olacağını istisna etməyib. Onun sözlərinə görə, proselərin belə bir formada cərəyan etməsi müharibənin yenidən şiddətlənməsinə gətirib cıxara bilər: "Müharibə başlayacağı təqdirdə də Rusiya müdaxilə edəcək, aləm bir birinə dəyəcək. Çünki MDB daxilində Ermənistanın Rusiya ilə hərbi müqaviləsi var".

"Axı müharibə Ermənistanın deyil, Azərbaycanın sərhədlərində, Ermənistanın təcavüzdə saxladığı ərazilərdə gedəcək"-sualına gəlincə, o, -"Haqlı haqqını sübut edincə, haqsız vurub sərhəddi keçəcək. Ermənilər bu yolla bizi profakasiyaya çəkirlər. Onların məqsədi həqiqətən də odur ki, biz onların təyyarəsini vuraq. Biz onların təyyarəsin vuran kimi, onlar başlasın müharibəyə"-deyib.

Amma siyasi ekspert heç də ermənilərin Xocalı aeroportunu istifadəyə verəcəyinə və verilən bəyanatın da reallığa söykəndiyinə əmin deyil: "Mənə elə gəlir ki, bu quru bəyanatlardır. Kimə lazımdır, o aeroport, kim uçacaq ordan?"

Gültəkin
AzNews.az