“Gətirib, videonun orijinalını qoysunlar ortaya”

22 Yanvar 2013 11:22 (UTC+04:00)
Sabiq YAP-çı deputat Gülər Əhmədovanın istintaqa ifadə verməsi barədə məlumatlar gündəmin əsas mövzularından hesab olunur. Artıq bununla bağlı bəzi məqamlara aydınlıq gəlib və hətta Gülər Əhmədovanın vəkilinin kimliyi də bəlli olub. Bu, 1 saylı hüquq məsləhətxanasının vəkili Eldar Qədimidir. Sabiq millət vəkilinin son durumla bağlı fikirlərini oxucularımıza təqdim edirik.

- Eldar bəy, nə vaxtdan etibarən Gülər Əhmədovanın vəkilliyini edirsiniz?

- İttiham verildiyi gündən onun vəkiliyəm.

- İstintaqın gedişindən razısınızmı? Son dəfə nə vaxt dindirilib?

- Paralel istintaq aparırsınız? Onun günahı yoxdur. Ortada heç bir sübut yoxdur.

- Bəs Elşad Abdullayevin yaydığı videolar, Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun açıqlamaları sübut sayılmırmı?

- Xeyr. Gətirib videonun orijinalını qoysunlar ortaya. Qurmalar olmasın. Ondan sonra danışmaq olar. İndiki vəziyyətə o qurma plyonkalarla ittiham vermək doğru deyil.

- Baş Prokurorluğun açıqlamasında da Gülər Əhmədovanı ittiham edən məqamlar vardı: Sevinc Babayevanın ölkədən çıxarılmasında onun rolu, Türkiyədə ikən skaypla danışması...

- Xeyr, o, ittiham deyildi. Sevinc Babayeva da balaca uşaq deyildi. Getmək istədi, getdi. Amma deyim ki, ekspertizanın nəticələri hələ gəlməyib. İstintaq qrupu qayıtmayıb. Gələndən sonra danışmaq olar.

- Gülər Əhmədovanın həyat yoldaşının da Türkiyədə Sevinc Babayevaya baş çəkməsi qarşı tərəfin iddiaları sırasında yer alır. Bu barədə nə düşünürsünüz?

- Yenə deyirəm, istintaq qrupu Türkiyədən qayıtsın, sonra bu barədə yenə danışarıq.

- Nə vaxta gözlənilir onların qayıdışı?

- Onu hələ bilmirəm. İstintaq qurtarandan sonra qayıdarlar.

- Gülər Əhmədova sonuncu dəfə nə vaxt dindirilib?

- Mən biləni, dekabrda idi.

- Başqa vəkili var onun? Yoxsa təkcə siz müdafiə edirsiniz?

- Başqasına nə ehtiyacı var ki, Gülər xanımın? Hələ elə dərinə getməmişik ki, qorxub üç-dörd nəfər vəkil tapaq.

- Ölkədən çıxarkən Qazaxda saxlanılmasını necə qiymətləndirirsiniz? Bu, ona qarşı hüquq pozuntusu idi?

- Bu, ölkədən çıxmaq sayılmır. O adam ancaq müalicə olunmağa gedirdi. Bütün sənədləri də üstündə idi. Onu düz başa düşmədilər. İstədilər tezbazar saxlasınlar. Amma araşdırdılar, sonra evə qaytardılar.

- Hazırda Gülər Əhmədova polis nəzarətindədir?

- Bəli, bəli. Ya özü gedir, ya da gəlib qol çəkdirirlər. Mən hər gün yanında olmuram deyə məlumatım olmur.

- Evdən də çıxa bilmir?

- Evdən çıxa bilir. Evdən çıxır, gedir polisə. Qol çəkir, qayıdır geri.

- Bu, hər gün baş verir?

- Yəqin ki. Ya onlar gəlir, ya da o gedib qol çəkir. Mənə lazım olan istintaq hərəkətləridir. Onda da iştirak edirəm.

- İstintaqın gedişindən razısınızmı? Necə aparılır istintaq?

- Bunu nəticədə bilmək olar. İndiki mərhələdə araşdırma gedir. Mən biləni, pis araşdırma da getmir.

- Sevinc Babayevanın zəhərlənməsi iddiaları ilə bağlı əks arqumentləriniz varmı?

- Eh, o arqument dağıldı getdi...

- Bəs ailə üzvlərinin dedikləri? Heç ekspertizanın da nəticələri açıqlanmayıb.

- Bu, nağıldır.

- Bunun nağıl olması ilə bağlı əlinizdə sübut varmı?

- Nə sübut? Olmayan şeyi necə sübut etmək olar? Sübutu o vaxt verirlər ki, nəsə baş versin. O zaman onu təkzib etmək olar. Ümumiyyətlə, bilmirlər, nə desinlər. Bunu atdılar ortaya. Axı göstərildi ki, bu adam ürəkdən ölüb. Bu necə zəhər ola bilər?

- Bəs Gülər Əhmədova onu aeroporta ötürməsi ilə bağlı deyilənlərə nə cavab verir?

- Onu ötürmə ola bilməz. Özü gedib.

- Prokurorluğun bəyanatında bildirilmişdi ki, Sevinc Babayevanı orada Gülər Əhmədovanın tanışı Səlcuq Ağlayan müşayiət edib, ona nəzarət edib...

- Xeyr, orada göstərilmişdi ki, o adam Türkiyədə sərbəst yaşayırdı. Oğlu da gedib onu görmüşdü. Orda yazılıb ki, türkün evində qalıb, sonra gedib başqa yerdə qalıb.

- Sizin əlinizdə əks sübutlar, dəlillər, videolar varmı?

- Bir şeyi başa düşmək olmur: olmayan şeyi necə sübut etmək olar? Elə şeyi siz təsəvvür edə bilərsinizmi?

- Hər halda, son olaraq Elşad Abdullayevlə Sevinc Babayeva arasındakı audio danışıqda da bu detal vurğulanır. Orda da Gülər Əhmədovanın adı vasitəçi kimi hallanır.

- O plyonka quramadır. Bunu yaddan çıxarmayın. İkincisi də ortada pul yoxdur, görünmür. Pulu kim verir, kimə verir - bunu heç kim görməyib. Nə vaxt o plyonka tam şəkildə qoyulacaq ortaya, onda həqiqət bilinəcək. Çünki oradan çox şeyi çıxarıb, dəyişib. Söhbət başqa şeydən gedirdi, onu düzəldib, dəyişiblər. Sonra da qoyublar ortaya.

- Bəs Gülər Əhmədovanın Sevinc Babayevanın zəhərlənməsi ilə bağlı o zaman məlumatı olubmu?

- Xeyr. Nə o zaman, nə də indi. O, sadəcə, qəzetlərdən oxuyur bu iddianı. Amma rəsmi versiya budur ki, Sevinc Babayeva ürəyindən ölüb.

- Sevinc Babayevanın oğlunun dedikləri barədə nə düşünürsünüz? Hər halda, anasını itirmiş bir gəncin bunları deməkdə nə məqsədi ola bilər ki?

- Onun yerinə mən danışa bilmərəm. Özü bilər, nə deyir. Mən sadəcə istintaqın hərəkətindən danışa bilərəm. Heç nə sübut olunmayıb. Zəhərlənmə söhbəti uydurmadır. Gözləyək, sonunu birgə görərik.

- İstintaq nə vaxt yekunlaşa bilər?

- Bilmirəm. Hələ çox işlər var görüləsi. İstintaq qrupu Türkiyədən gəlsin, görək ortaya nə çıxacaq. Onda biləcəyik nə nədir, kimi hara cəlb edirlər. Çünki bu günə qədər Gülər xanımın heç bir günahı yoxdur.

- Bəs Səlcuq Ağlayan? O da Gülər Əhmədovanın tanışı deyil?

- İndi onu araşdırırlar da.

- Gülər Əhmədova da onu tanımadığını iddia edirmi?

- Qoy araşdırma aparılsın, araşdırmadan sonra bu barədə danışarıq.

- İşi kim aparır? Hansı müstəntiqin nəzarətindədir iş?

- Bu iş İstintaq Qrupunun nəzarətindədir. Bakı Şəhər Prokurorluğunda. Nə sualınız varsa, onlara ünvanlayın.

"Yeni Müsavat"